Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda yerləşən Corc Vaşinqton Universitetində Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilib.
Trend xəbər verir ki, tədbirdə Səfirliyin əməkdaşları, ABŞ-da səfərdə olan dövlət rəsmiləri, burada yaşayan azərbaycanlı icmasının üzvləri, eləcə də müxtəlif universitetlərdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Mərasim Ümummilli Lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Azərbaycan Respublikasının ABŞ-da səfiri Xəzər İbrahim giriş nitqi ilə çıxış edərək diplomatik karyerasının ABŞ-da başladığını və ümumilli liderin iki ölkə arasında münasibətlərin dərinləşməsi üçün gördüyü işlərə şahid olduğunu deyib. O bildirib ki, Vaşinqtonda 8 avqust görüşündən sonra ikitərəfli əlaqələrdə növbəti mərhələ başlayıb, lakin bu əlaqələrin təməli məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.
ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxışında Azərbaycanın bu ölkədəki ilk səfiri kimi o dövrdə gedən çətin siyasi proseslərdən və Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ikitərəfli əlaqələrin inkişafı istiqamətində görülən işlərdən danışıb. O, Heydər Əliyevin 1994, 1997 və 1999-cu illərdə ABŞ-a səfərləri, səfərlərə hazırlıq prosesindən və Heydər Əliyevin ABŞ siyasətçilərində yaratdığı xoş təəssüratdan bəhs edib. O bildirib ki, Ulu Öndər vətənini sevən güclü diplomat idi və Azərbaycan diplomatiyasının bu günki uğuru da o dövrdən başlayır.
Ardınca Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov çıxış edərək müstəqil olduqdan sonra Azərbaycanın bütün sahələrdə və xüsusilə energetika, neft-qaz sahələrində gördüyü işlərin xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Onun sözlərinə görə, mürəkkəb geosiyasi və geoiqtisadi vəziyyətdə və çətin regionda neft qaz layihələrinin həyata keçirilməsi asan iş deyildi. Onun sözlərinə görə, Azərbaycanın inkişafında müstəsna rol oynayan neft müqavilələri ABŞ-la əməkdaşlıq çərçivəsində həyata keçirilib. Nazir bildirib ki, Ulu Öndər ABŞ-la münasibətlərə önəm verirdi və bunun sayəsində enerji sahəsində böyük beynəlxalq müqavilələr öz imzasını tapırdı və gerçəkləşdirilirdi.
Daha sonra Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov çıxışında deyib ki, Heydər Əliyevin siyasəti nəticəsində ABŞ-la münasibətlərin genişlənməsi Azərbaycan üçün Avropaya qapıları da açıb. O bildirib ki, ABŞ-la əlaqələr, imzalanmış müqavilələr Ulu Öndərin ən böyük nailiyyətlərindən biri olub və bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
O əlavə edib ki, Azərbaycanın bu günki uğuru ölkə başçısının siyasəti və ulu öndərin fəlsəfəsi ilə bağlıdır.
Tədbirin sonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanan və Ümummilli Lider Heydər Əliyevə həsr olunan “İz” sənədli filmi nümayiş etdirilib.
Sonda universitetin foyesində Ulu Öndərin ABŞ-a səfərləri və ikitərəfli görüşlərdə iştirakı ilə bağlı foto sərgi iştirakçıların diqqətinə təqdim olunub.