Bakı. Trend:
Njdenin cinayətləri təkcə İkinci Dünya müharibəsi illərində törətdiyi cinayətlərlə məhdudlaşmır. O, dinc Azərbaycan əhalisinə qarşı qəddarlıq, soyqırımı törətmişdir, minlərlə günahsız azərbaycanlını qətlə yetirmişdir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində deyib.
Dövlət başçısı vurğulayıb:
"Faşist Njde ilə bağlı Azərbaycan ictimaiyyəti məsələni bir müddət öncə qaldırmışdı və Azərbaycanın ictimaiyyəti, o cümlədən veteranlar MDB dövlət başçılarının ünvanına Ermənistanda faşist Njdeyə abidənin ucaldılması ilə bağlı məktublar göndərmişdilər. Eyni zamanda, MDB ölkələrinin parlamentlərinə də oxşar məktublar getmişdi ki, bu gün MDB məkanında İkinci Dünya müharibəsi ilə bağlı prinsip etibarilə yekdil fikir var. Rəsmi bəyanatlarda müharibənin tarixi nəticələri və Sovet İttifaqının Qələbənin əldə edilməsində əsas rolu haqqında fikir ayrılığı yoxdur. Eyni zamanda, faşistlərin qəhrəmanlaşdırılması ilə bağlı fikirlər də üst-üstə düşür. Belə olan halda, necə ola bilər ki, İrəvanda, şəhərin mərkəzində faşist cəlladı Njdeyə altı metrlik abidə ucaldılır və bu abidənin açılışında Ermənistanın prezidenti və bütün rəhbərlik iştirak edir. Bu, nə deməkdir?!
Ona görə bu məsələ bizim gündəliyimizdə yeni deyil. Sadəcə olaraq, MDB Zirvə Görüşünün gündəliyindəki məsələlərdən biri də Qələbənin 75 illiyinə hazırlıq idi. Mən bu məsələni açıq və arqumentlərlə dilə gətirdim, tarixi sənədlərə istinad etməklə Njdenin faşist və cəllad sifətini ifşa etdim. Njdenin cinayətləri təkcə İkinci Dünya müharibəsi illərində törətdiyi cinayətlərlə məhdudlaşmır. O, dinc Azərbaycan əhalisinə qarşı qəddarlıq, soyqırımı törətmişdir, minlərlə günahsız azərbaycanlını qətlə yetirmişdir. Bütün bunlar tarixi faktlardır.
Əgər yadınızdadırsa, mən o çıxışda bildirdim ki, bunu Ermənistanın əvvəlki rəhbərliyi edib. Yəni, mən baş nazir Paşinyana bir növ imkan verdim ki, o, bu çirkin əməli öz boynuna almasın. Çünki onun bu abidənin ucaldılmasında iştirakı olmayıb. Ancaq əfsuslar olsun ki, düzgün yanaşma göstərməkdənsə, o, çox qeyri-adekvat bəyanatlarla Njdeyə bəraət qazandırmağa çalışdı. Arqumentlərin biri də o olmuşdur ki, - çünki mən dedim ki, o, “СМЕРШ” tərəfindən həbs olundu, “СМЕРШ” də abreviaturadır, “Смерть Шпионам” – “Casuslara ölüm”, - və 25 il müddətə məhkum edildi, öz həyatını Vladimir həbsxanasında bitirdi. Onun da arqumenti o oldu ki, Soljenitsın da sovet rejimi tərəfindən həbs olunmuşdur. Mən ondan sonra bir daha söz alıb dedim ki, cəlladı, faşisti Soljenitsın ilə eyniləşdirmək olmaz. Bu, qətiyyən qəbuledilməzdir.
Mən gözləyirdim ki, bundan sonra artıq sakit bir şəraitdə öz müşavirlərinin köməyi ilə Ermənistan bir çıxış yolu axtaracaq, hər hansı bir məqbul formada bunu təkzib edəcək. Amma biz bunun tam əksini gördük. Rusiyadan gəlmiş jurnalistlərlə görüşdə o, daha da uzağa getdi və dedi ki, nə olsun ki, Njde Hitlerlə görüşüb. Molotov da Hitlerlə görüşüb. Bilirsiniz, bunu şərh etmək üçün söz tapmıram. Çünki bu, o dərəcədə aşağı səviyyəli fərziyyədir ki, bunu şərh etmək mümkün deyil. Molotov Sovet İttifaqının Xarici İşlər naziri idi. Molotov-Ribbentrop paktı 1939-cu ildə bağlanmışdı, ona görə ki, Sovet İttifaqı müharibəyə hazır deyildi və müharibənin mümkünlüyünü ertələmək üçün imzalanmışdır. Molotov Njde kimi Hitlerə qulluq etmirdi. Molotov Njde kimi faşist şüarları səsləndirmirdi. Njdenin məşhur şüarı o idi ki, “Almaniya uğrunda ölən Ermənistan uğrunda ölür”. Yəni, o, faşistdir və bunu İkinci Dünya müharibəsi zamanı demişdir. Ona görə əlbəttə ki, Ermənistan rəhbərliyinin belə cəfəng sözləri ciddi qəbul oluna bilməz.
Ancaq buna baxmayaraq, hesab edirəm ki, mənim Aşqabaddakı çıxışım burada həlledici rol oynamışdır, - bu cəllada Rusiyanın Armavir şəhərində qoyulmuş lövhə dağıdıldı, söküldü və məhv edildi. Bunu ermənilər özləri etdilər. Onları Armavir şəhər hakimiyyəti məcbur etdi. Əminəm ki, gün gələcək və ermənilər özləri İrəvanda bu faşistə ucaldılmış bu eybəcər abidəni sökəcəklər".