Bakı. Trend:
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Trend-in məlumatına görə, təbrikdə deyilir:
"Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Siz həyatınızı Vətənə xidmətə həsr etmisiniz. Prezident kimi ali dövləti vəzifədə mühüm işlər görməklə Azərbaycanın iqtisadi inkişafının, ölkədə sülh və sabitliyin möhkəmləndirilməsinin qayğısına qalırsınız. Ötən illər ərzində firavan gələcəyini Sizin adınızla bağlayan həmvətənlərinizin böyük etimadını və hörmətini qazanmısınız.
Rus Pravoslav Kilsəsinə daimi diqqətinizə, Bakı-Azərbaycan Yeparxiyasının müxtəlif təşəbbüslərini dəstəklədiyinizə görə Sizə minnətdaram. Əminəm ki, bizim səmərəli əməkdaşlığımız bundan sonra da faydalı nəticələr verəcək, dinlərarası münasibətlərin harmoniyasına, insanların həyatında ötəri olmayan mənəvi-əxlaqi dəyərlərin bərqərar olmasına kömək edəcək.
Bu yaxınlarda Azərbaycana səfərimi, mənə göstərilmiş qonaqpərvərliyi və Sizinlə səmimi ünsiyyətimizi minnətdarlıqla xatırlayıram.
Sizə tükənməz qüvvə və cansağlığı, gələcək işlərinizdə Qadir Allahdan kömək və uğurlar diləyirəm".