...

Ağdamda səsvermə seçicilərin fəallığı şəraitində keçir (FOTO)

Siyasət Materials 9 Fevral 2020 11:21 (UTC +04:00)
Ağdam rayonunda parlament seçkiləri ilə bağlı səsvermə seçicilərin fəallığı ilə başlayıb.
Ağdamda səsvermə seçicilərin fəallığı şəraitində keçir (FOTO)

Bakı. Trend:

Ağdam rayonunda parlament seçkiləri ilə bağlı səsvermə seçicilərin fəallığı ilə başlayıb.

Trend-in məlumatına görə, Çəmənli kənd tam orta məktəbinin binasında yerləşən 23 saylı seçki məntəqəsi saat 7.50-də müşahidəçilərin iştirakı ilə açılıb və seçki qutuları kilidlənib, 8.00-da səsvermənin başlandığı elan edilib.

23 saylı seçki məntəqəsində 1306 seçici qeydə alınıb. Səhər saatlarından məntəqələrə gələn seçicilər istədikləri namizədə səs verirlər. Seçki məntəqəsində ilkin səs verənlərdən biri – Çəmənli kənd sakini Əli Məmmədov yaradılan şəraitdən razılığını bildirərək deyib: “Bütün seçkilərdə iştirak edirəm. Bu gün də bir Azərbaycan vətəndaşı kimi öz seçki hüququmdan istifadə edərək istədiyim namizədə səs verdim. Məntəqədə seçkilərin azad, demokratik keçirilməsi üçün yaradılan şəraitdən razıyam".

Səhər saatlarından məntəqəyə gələnlərin içərisində gənclər üstünlük təşkil edirdi. Sənan Məmmədov fikirlərini belə ifadə edib: “İlk dəfə səsvermədə iştirak etdiyim üçün bir qədər həyəcanlıyam. Ancaq bir vətəndaş kimi konstitusion hüququmdan istifadə edərək, bu mühüm kampaniyada iştirak etdiyim üçün çox sevinirəm".

Səsvermənin gedişini izləyən yerli müşahidəçilər Rabil Sarıyev və Elməddin Məmmədov seçkilərin yüksək səviyyədə keçirildiyini və heç bir qanun pozuntusuna rast gəlinmədiyini deyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti