...

Salyanda bütün seçki məntəqələrində nümunəvi şərait yaradılıb (FOTO)

Siyasət Materials 9 Fevral 2020 13:25 (UTC +04:00)
Salyanda Milli Məclisə seçkilər mütəşəkkil keçir. Seçicilərin siyasi iradələrini azad və sərbəst ifadə etmələri üçün bütün məntəqələrdə nümunəvi şərait yaradılıb.
Salyanda bütün seçki məntəqələrində nümunəvi şərait yaradılıb (FOTO)

Bakı. Trend:

Salyanda Milli Məclisə seçkilər mütəşəkkil keçir. Seçicilərin siyasi iradələrini azad və sərbəst ifadə etmələri üçün bütün məntəqələrdə nümunəvi şərait yaradılıb.

Trend xəbər verir ki, rayonda deputat seçkiləri iki dairə üzrə keçirilir. 59 saylı Salyan şəhər və 60 saylı Salyan-Neftçala seçki dairələrində 79 seçki məntəqəsi fəaliyyət göstərir və seçici siyahılarına, ümumilikdə 78 min 912 seçici daxil edilib. Əlil və fiziki cəhətdən qüsurlu seçicilərin səsvermədə rahat iştirakı üçün məntəqələrdə panduslar quraşdırılıb. Səsvermənin gedişini hər məntəqədə 14-15 müşahidəçi izləyir. Hər iki dairə üzrə məntəqələrdə seçicilərin iradəsini sərbəst və azad ifadə etməsi üçün bütün şərait yaradılıb.

59 saylı Salyan seçki dairəsinin 3 saylı şəhər seçki məntəqəsində olarkən bunların bir daha şahidi olduq.

Səsverməyə gələn seçiciləri seçki məntəqəsinin qarşısında dayanan məntəqə seçki komissiyasının üzvü qarşılayır, seçicilərin sol baş barmağını ultra-bənövşəyi rəngli fanarla yoxladıqdan sonra onları içəri buraxdı. Səsvermənin gedişini 15 yerli və 3 xarici müşahidəçi izləyirdi.

Şəhər sakini Rəvan Baxışovdan təəssüratlarını öyrəndik: “Səsvermə yaxşı təşkil olunub, seçkinin azad və demokratik şəkildə keçirilməsi üçün lazımi şərait yaradılıb”.

Məntəqədə bülleteni qutuya ilk atanlardan biri, şəhər sakini Rüfət Hüseynov söhbətə qoşularaq bildirdi ki, hər dəfə seçkilərdə səs verir və bunu özünə vətəndaşlıq borcu hesab edir.

Məntəqədə müşahidəçi missiyasını yerinə yetirən Tahir Həsənov da səsvermənin böyük fəallıqla, azad və şəffaf keçirildiyini, hər hansı bir pozuntuya yol verilmədiyini bildirdi.

Məntəqə seçki komissiyasının sədri Aynur Əsgərovanın verdiyi məlumata görə, məntəqədə 1128 nəfərin adı seçici siyahısına daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti