...

Sədaqət Vəliyeva: Azərbaycan dövləti həkimlərin fədakarlığını layiqincə qiymətləndirdi

Siyasət Materials 19 Mart 2020 10:39 (UTC +04:00)
Bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva: Azərbaycan dövləti həkimlərin fədakarlığını layiqincə qiymətləndirdi

Bakı. Orxan Cuvarlı - Trend:

Cənab Prezident İlham Əliyevin yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalaması, onların əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək miqdarda müddətli əlavənin müəyyən edilməsi bir daha onu göstərir ki, Azərbaycan dövləti həkimlərin fədakarlığını layiqincə qiymətləndirir.

Bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti koronavirusla mübarizədə ÜST-ün təlimatlarını da nəzərə almaqla çox ciddi tədbirlər həyata keçirir, vətəndaşlarımızın qorunması, onların sağlamlıqlarının müdafiəsi üçün bütün addımları atır:

“Ölkəmizdə effektiv karantin tədbirləri görülür, müəyyən məhdudiyyətlər tətbiq edilir, xaricdəki azərbaycanlılar, xüsusilə də tələbələr Azərbaycana gətirilir, müasir avadanlıqlar alınır, testlər, yoxlamalar aparılır, narahatlıq doğura biləcək məsələlərə dərhal münasibət bildirilir, sosial-iqtisadi sahədə vətəndaşların maraqları maksimum şəkildə qorunur və təmin edilir”.

Sədaqət Vəliyeva əlavə edib ki, Prezident xalqın təhlükəsizliyinin və sağlamlığının təmin edilməsi üçün qlobal pandemiyanın dünya ölkələrində yaratdığı fəsadları izləyir, düzgün təhlil edir, təhlükələrin qarşısını almaq üçün vaxtında və rasional qərarlar verir, nəzarətin gücləndirilməsi şəraitində yüksək çevikliyə malik operativ qərargahın fəaliyyətini təmin edir:

"Elə bu səbəbdəndir ki, dünya ölkələrində, xüsusilə də Avropada və ABŞ-da yaşanan ajiotaj, kilometrlərlə ərzaq növbələri, qida çatışmazlığı ucbatından mağazalara kütləvi hücumlar, silah alışı və s. panikadan doğan addımlar Azərbaycanda yaşanmadı, yaşanmır. Yəni, cənab Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan pandemiyanın ilk dalğalarından çox az itkilərlə çıxdı”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, ölkə rəhbərinin qlobal təhlükə ilə mübarizədə ön sırada durması, vətəndaşlarını pandemiya təhlükəsindən qoruması mübarizədə iştirak edən digər insanlarda stimul, həvəs yaradır:

“Hər kəs çalışır ki, Prezidenti kimi ümumi bəla ilə mübarizə aparsın, əlindən gələni etsin. Odur ki, Azərbaycanın bu sahədə mütəxəssis olan həkimləri, tibb bacıları, ümumən tibb personalı gecə, gündüz demədən işləyir, karantində olan vətəndaşlara, virusa yoluxmuş şəxslərə xidmət edirlər. Çox qürurvericidir ki, hər zaman olduğu kimi bu dəfə də cənab İlham Əliyev həkimlərin əməyini, fədakarlığını yüksək qiymətləndirdi. Bu, Azərbaycanda yeni sosial qayğı nümunəsi idi. Bəlkə də, elə insanlar ola bilər ki, yoluxucu-infeksion xəstəliklə mübarizənin mahiyyətini səthi anlasınlar. Amma bir virus hava-damcı yolu ilə insana yoluxursa, hətta gözlərdən belə yoluxma baş verirsə, demək ki həmin sahədə çalışan tibb işçilərinin həyatının hansı təhlükə ilə qarşı-qarşı durduğunu bir daha başa düşmək lazımdır. Qırx ildir vərəm sahəsində çalışan həkim kimi bu cür virusların, xəstəliklərin nə qədər təhlükəli və təhdid olduğunu çox yaxşı anlayıram. Bu səbəbdən də yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini, bu istiqamətdə atılan addımları çox yüksək dəyərləndirirəm, təqdirəlayiq hal hesab edirəm”.

Xatırladaq ki, Prezident İlham Əliyev yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilir.

Nazirlər Kabinetinə bu Sərəncamla müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etmək, COVİD-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən etmək və Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti