...

Azərbaycan Prezidenti: Bizim üçün bu dövr xərclərimizi artırmalı və yoxsul vətəndaşlarımıza və sahibkarlara yardım etməli olduğumuz dövrdür

Siyasət Materials 28 Aprel 2020 21:34 (UTC +04:00)
Azərbaycan Prezidenti: Bizim üçün bu dövr xərclərimizi artırmalı və yoxsul vətəndaşlarımıza və sahibkarlara yardım etməli olduğumuz dövrdür

Bakı. Trend:

Bizim üçün bu dövr xərclərimizi artırmalı və yoxsul vətəndaşlarımıza və sahibkarlara yardım etməli olduğumuz dövrdür.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə keçirilən videokonfransda deyib.

Dövlət başçısı bildirib:

"Cənab prezident, sizə və Avropa Yenidənqurma və İnkişaf Bankının yüksək rütbəli nümayəndələrinə bu görüşə görə təşəkkür edirəm. Bu, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanın yaxın və etibarlı tərəfdaşı olmasının göstəricisidir. Odur ki, çətin vaxtda siz belə təşəbbüslə çıxış etmisiniz. Bu, bizə hazırda həyata keçirilən layihələrimizi nəzərdən keçirməyə, görüləcək işləri müzakirə etməyə və gələcək əməkdaşlığımızı planlaşdırmağa imkan verəcək.

Virus məsələsinə gəldikdə, biz ilk gündən real vəziyyətə əsaslanan tədbirlər görməyə başladıq. Vəziyyətin düzgün dəyərləndirilməsi və bu böhranla məşğul olunması üçün səmərəli komandanın yaradılması bizim üçün çox vacib idi. Azərbaycana bu virus qonşuluqdan gəldi və bunun qarşısını almaq üçün biz müvafiq addımlar atdıq və qonşu dövlətlərlə razılıq və birgə qərar əsasında sərhədlərimizi bağladıq. Hesab edirəm ki, biz bu qərarı vaxtında və digər ölkələrin bənzər qərarlarından tez verdik və beləliklə, zaman udmuş olduq. Biz görürük ki, bu virusla mübarizədə ən vacib məsələ vaxtdır, çünki heç bir ölkənin səhiyyə sistemi bu qədər böyük sayda yoluxmuş insanların müalicəsinə hazır deyil. Bu səbəbdən vaxtın qazanılması, səhiyyə sistemimizin hazırlanması, mütəxəssis və həkimlərimizin səfərbər edilməsi və düzgün idarəçiliyin qurulması əsas hədəflərimiz oldu.

Daha sonra biz virusun ölkə ərazisində yayılmasının şahidi olduq və mart ayından etibarən məhdudlaşdırıcı tədbirlər həyata keçirməyə başladıq. Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə daimi təmasdayıq və bu təmaslar davam edir. Biz vəziyyətin dəyərləndirilməsi üçün ölkəyə mütəxəssislərdən ibarət heyətin göndərilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatına müraciət etdik və onlar bunu etdilər və daha sonra bəyanatla çıxış etdilər ki, Azərbaycan zəruri tədbirləri görür. Onlar da öz növbələrində, müəyyən tövsiyələrini verdilər. Daha sonra Ümumdünya Səhiyyə Təşkilatı bəyanat yayaraq Azərbaycanı koronovirusla mübarizə sahəsində nümunə kimi göstərmişdir.

Məhdudlaşdırıcı tədbirlərin tətbiqi qərarı asan olmamışdır. Biz anlayırdıq ki, insanlar üçün narahatlıq yaranacaq, iqtisadi inkişafımıza böyük zərbə dəyəcək, halbuki bu ilin göstəriciləri olduqca ümidverici idi. Lakin bizim iki variantımız var idi. Birinci variant insanların həyatını və sağlamlığını qorumaq, ikinci variant isə iqtisadiyyatın xilas edilməsi prioriteti idi. Bu səbəbdən ilk gündən bizim seçimimiz insanların həyatının qorunması oldu. Gördüyümüz bütün işlərin məqsədi budur və bu istiqamətdə səylərimizi tam səfərbər etmişik. Biz 120 mindən artıq test həyata keçirmişik və aparılan testlərin adambaşına düşən sayına görə aparıcı yerlərdəyik.

Biz əlavə laboratoriyalar yaratmışıq və hazırda onların sayı 18-dir. Koronavirusa yoluxmuş pasiyentlər 22 dövlət xəstəxanasında, o cümlədən yeni istifadəyə verilmiş 575 çarpayılıq müasir xəstəxanada müalicə olunurlar. Hazırda karantin rejimində 2000-ə yaxın vətəndaşımız var və bu rəqəm aşağı düşməkdədir. Bu insanlar xaricdən gələnlər və onlarla təmasda olmuş şəxslərdir. Onlar 4-5 ulduzlu mehmanxanalarda yerləşdirilib və yüksək standartlara cavab verən şəraitlə təmin ediliblər.

Vaxtaşırı sərtləşdirdiyimiz məhdudlaşdırıcı tədbirlərin müsbət nəticəsi olmuşdur və artıq iki həftədir ki, bizdə müsbət dinamika var. Yəni, sağalanların sayı yoluxanların sayından artıqdır. Ölüm faizinin nisbətən aşağı olması onu göstərir ki, işlər müsbət istiqamətdə aparılır. Dünəndən biz məhdudlaşdırıcı tədbirləri yumşaltmağa başlamışıq.

İqtisadiyyatımıza təsirə gəldikdə, əlbəttə, təsir mənfi olacaqdır. Bizim ilin əvvəlində müsbət perspektivlərimiz var idi. Hələ də ilin ilk rübünə nəzərə salsaq, artım 1 faizdir, qeyri-neft sektorunda artım 3 faiz təşkil edir, qeyri-enerji sahəsində artım isə 23 faizdir.

Koronavirus nəticəsində mənfi təsirə məruz qalmış özəl sektorun müvafiq sahələrinə ciddi dəstək paketi təqdim edilmişdir. Xidmət və digər sahələrdə çalışan 600 min vətəndaşın və mikrosahibkarlıq subyektlərinin əməkhaqlarının böyük hissəsi dövlət tərəfindən ödənilib. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa minimal meyara uyğun olaraq ödənişlər edilib.

Təbii ki, bu, bizim üçün böyük xərcdir. Vergi güzəştləri də nəzərə alınsa, bu gün bu rəqəm 3,5 milyard manat və ya 2 milyard dollardan çoxdur. Bu, bizim büdcəmiz üçün böyük yükdür, çünki neftin qiymətinin kəskin azalması bizim valyuta ehtiyatlarımıza mənfi təsir göstərəcəkdir. Ancaq bizim üçün bu dövr xərclərimizi artırmalı və yoxsul vətəndaşlarımıza və sahibkarlara yardım etməli olduğumuz dövrdür. Eyni zamanda, bu il biz ödənişli ictimai iş yerlərinin sayını da 2 dəfə artırmışıq. Burada minimal əməkhaqqı verilir və adətən bu, dövlət sektoruna aid olan iş yerləridir. Bu il belə iş yerlərinin sayı 90 min olacaqdır. Biz sosial yardım alan vətəndaşların da sayını artırmışıq. Hər bir belə ailəyə ayda 222 manat ödənilir və onların sayı 80 minə çatmışdır. Bununla yanaşı, 12 min insan üçün, - burada da 70 faiz artım var,- özünüməşğulluq imkanları yaradılıb.

Beləliklə, bu, qeyd etdiyim mənfi təsirə məruz qalmış sahələrdə çalışan, habelə işlərini itirmiş vətəndaşlarımıza təqdim edilmiş iqtisadi və sosial paket haqqında məlumatdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti