...

"The Wall Street Journal" "Human Rights Watch" təşkilatının ikiüzlü yanaşmasını tənqid edən məqalə dərc edib

Siyasət Materials 1 Avqust 2020 11:46 (UTC +04:00)

Bakı. Trend:

Human Rights Watch" və onun Yaxın Şərq və Şimali Afrika direktoru Sara Liya Uitsonun adı azərbaycanlılara "yaxşı" tanışdır.

Bu təşkilat və onun rəhbərliyində təmsil olunan adıçəkilən xanım hər zaman ölkəmizə qarşı öz qərəzli, qeyri-obyektiv mövqeyi ilə tanınıb. Təşkilatın adı insan hüquqları olsa da, fəaliyyət tamamilə başqa olub. Yəni "Human Rights Watch" əks istiqamətdə fəaliyyət göstərib, özü insan hüquqlarını pozub, eyni məsələ üzrə ikili standartdan çıxış edib. Buna görə də "Human Rights Watch"un hesabatları artıq ciddi qəbul olunmur. Həm də təkcə Azərbaycanda deyil, digər ölkələrdə də "insan haqlarını qoruyan" qurumun əsl niyyəti və fəaliyyəti artıq məlumdur.

Trend-in məlumatına görə, elə bu yaxınlarda ABŞ-ın nüfuzlu "The Wall Street Journal" nəşri də eyni mövzunu işıqlandırılıb. Belə ki, nəşr Azərbaycanda insan haqları sahəsində vəziyyəti müntəzəm olaraq kəskin tənqid edən, Nyu-Yorkda mənzillənmiş "Human Rights Watch" beynəlxalq insan haqları təşkilatının işğal altında olan ərazilərdə aparılan məskunlaşmaya dair ikiüzlü yanaşmasını tənqid edən məqalə dərc edib.

Məqalənin müəllifi ABŞ-ın Corc Meyson Universitetinin hüquq professoru və Qüdsdəki "Kohelet Policy Forum" mərkəzinin araşdırmaçısı Yevgeni Kontoroviçdir (Eugene Kontorovich).

Müəllif yazır ki, İsrailin ünvanına ikiüzlü hücumlar geniş yayılıb, lakin "Human Rights Watch" təşkilatının Yaxın Şərq və Şimali Afrika direktoru Sara Liya Uitson bu hücumları yeni səviyyəyə çıxarıb. O, İsrailin İordan çayının qərb sahilində, işğal edilmiş Fələstin ərazilərində apardığı məskunlaşmanın ən sərt tənqidçilərindən biridir. Lakin digər yerlərdə xanım Uitson işğal ediliş ərazilərdə qanunsuz məskunlaşmanı qətiyyətlə dəstəkləyir.

Məqalədə deyilir ki, xanım Uitsonun qanunsuz məskunlaşmanı dəstəklədiyi ərazi Dağlıq Qarabağdır. Hansı ki, Ermənistan bu regionu üzücü müharibədə işğal edib və 1994-cü ildən bəri ətraf rayonlarla birlikdə işğal altında saxlayır. Və həmin vaxtdan etibarən Ermənistan rəhbərliyi həmin rayonlarda məskunlaşmanı fəal şəkildə dəstəkləyir. "Bir çox ermənilər Qarabağı öz tarixi vətənləri hesab edirlər. Lakin BMT, beynəlxalq təşkilatlar və ABŞ bu regionunun işğal edilmiş Azərbaycan ərazisi olduğunu tanıyır.

Corc Meyson Universitetinin professoru qeyd edir ki, erməni ailəsində anadan olmuş Uitson 2018-ci ildə Amerika Erməni Milli Komitəsi tərəfindən Qarabağa pultoplama kampaniyasının təşkilatçısı qismində çıxış edib. Və həmin Uitson eyni zamanda "Human Rights Watch" təşkilatının İsrailin İordan çayının Qərb sahillərindəki iqtisadi fəaliyyətinin boykot edilməsi kampaniyasına başçılıq edirdi. Habelə o, Tvitterdə Qarabağda, işğal edilmiş ərazilərdə hazırlanan erməni şərabını reklam edir.

Bu ziddiyyətin səbəbləri barədə suala Uitson elektron poçtla belə cavab verib: "Mənim erməni diaspor təşkilatlarına şəxsi dəstəyim onların Ermənistanda xeyriyyəçilik və təşviqat fəaliyyəti, habelə erməni soyqırımının tanınmasına yönəlmiş təbliğat səyləri ilə bağlıdır".

Lakin əslində, Uitson Qarabağda yeni erməni yaşayış məskənlərinin salınmasını maliyyələşdirən təşkilata dəstək verir. O, eyni zamanda, Ermənistanda və işğal edilmiş Azərbaycan ərazilərində suriyalı ermənilərin məskunlaşdırılmasını dəstəkləyir.

Qeyd edilənlərin hamısı xanım Uilsonun özünü insan haqları müdafiəçisi kimi göstərərək, əslində isə insan haqlarının ən böyük pozucusu olduğunu göstərir. Eyni zamanda, onun eyni məsələyə ikili standartla yanaşmasının təzahürüdür. Belə olan halda isə nə Uitsonun, nə də ki təmsil olunduğu "Human Rights Watch"un hər hansı açıqlaması, hesabatı bundan sonra da obyektiv, doğru-düzgün qəbul edilə bilməz. Çünki öz yurd-yuvasından qovulan insanlara, işğal altındakı ərazilərə öz dövlətin məskunlaşdırma aparmasına göz yuman qurum, heç vaxt insan haqları müdafiəçisi ola bilməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti