Bakı. Trend:
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Tarixi və dini baxımdan Aşura gününün əhəmiyyəti” mövzusunda vebinar keçirilib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunan vebinarda Aİİ-nin rəhbər heyəti, müəllimləri və tələbələr iştirak ediblər.
Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov vebinar iştirakçılarını salamladıqdan sonra, hicri təqvimi ilə Məhərrəm ayının və bu ayın 10-cu gününün – Aşuranın İslam aləmində xüsusi önəmini diqqətə çatdırıb.
Daha sonra Aşuranın pandemiya dövrünə təsadüf etdiyini vurğulayan M.Mürsəlov karantin rejiminin qaydalarına riayət edərək bugünü keçirməyi, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Məhərrəm ayı və Aşura günü ilə əlaqədar Azərbaycan müsəlmanlarına tövsiyələrinə əməl etməyin vacibliyini nəzərə çatdırıb.
“Tarixi və dini baxımdan Aşura gününün əhəmiyyəti” mövzusunda çıxış edən Aİİ-nin dosenti, ilahiyyat üzrə fəlsəfə doktoru Aslan Həbibov Kərbəla faciəsinin tarixi haqqında ətraflı məlumat verib. Aşura gününün tarixi əhəmiyyətindən bəhs edən A.Həbibov bildirib ki, həmin gün İslam aləmində ali dəyərlər uğrunda mübarizənin nümunəsi kimi tarixə düşüb.
Kərbəlada baş verənləri “haqq-batil” mübarizəsinin parlaq təzahürü adlandıran Aslan Həbibov belə qarşıdurmaların bəşər tarixində müxtəlif formalarda təzahür etdiyini, bu münaqişlərdə rollar dəyişsə də, mahiyyətin eyni olaraq qaldığını vurğulayıb.
Məhərrəm ayında Mərkəzi Qan Bankının filiallarında qan verməyin Aşura gününün mahiyyətinə uyğun ən gözəl nümunələrdən olduğunu diqqqətə çatdıran Aslan Həbibov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu ay ərzində apardığı maaarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.
Vebinar maraqlı müzakirələr və suallarla davam edib.