Bakı. Trend:
Cənab Ali Baş Komandan İlham Əliyevin əzmi,düzgün siyasəti, qətiyyət və strateji idarəetməsi ilə Azərbaycan ordusu dünya tarixinə zəfər və qalibiyyət salnaməsini həkk etdirir. Artıq bütün dünya ordumuzun yenilməzliyinə, qazandığı nailiyyətlərinə və gücünə bələd olmaqla bərabər Azərbaycandövlətinin müharibə şəraitində belə,beynəlxalq hüququnbütün norma və prinsiplərinə sadiq qalmaqla apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində öz tarixi, əzəli-əbədi torpaqlarını işğaldan azad edərək regionda sülhün və ədalətin bərpası üçünəməli işlər gördüyünün şahidi olur. Azərbaycanın bütün sahələrdə dayanıqlı və davamlı inkişafa nail olması əldə olunan uğurlu hərbi əməliyyatların və qələbəmizin rəhnidir. Cəsarətlə deyə bilərik ki, qalib Azərbaycan Ordusu regionda sülhün və ədalətin təminatçısı olmaq əzmində və gücündədir.
Mülki vətəndaşlarımızın beynəlxalq miqyasda qadağan olunmuş raketlərlə hədəfə alınması və dinc əhalinin daima atəş altında saxlanılması onların riyakar planlarının bir hissəsi idi.Bütün bunlara baxmayaraq gələn bəla qarşısında məğrur dayanan, öz Ali Baş Komandanına və ordusuna güvənən Azərbaycan xaqlı düşmənin bu planlarını da alt-üst etməkdədir. Cənab Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu düşmənin layiqli cavabını verir.
Müdafiə Nazirliyi tərəfindən əldə olunan kəşfiyyat məlumatlarına əsasən aydın olmuşdur ki, Ermənistanın Xocavənd istiqamətinə xeyli miqdarda qadağan olunmuş ağ fosfor tərkibli yük gətirərək Şuşa meşələrində yanğınlar törətməsi düşmənin növbəti hərbi cinayət törətmək niyyətinin açıq-aşkar sübutudur. Düşmən döyüş və hərbi əməliyyatlar zamanı ordumuzun uğurla irəliləməsinin qarşısını almaq məqsədi ilə ekoloji terror törədərək zəhərli və söndürülməsi mümkün olmayan maddələrdən istifadə edərəkmeşələri yandırmaqla ətraf mühitin qorunması üzrə beynəlxalq konvensiyalara qarşı çıxır. Ağ fosfor tipli bombalardan istifadə etməklə törədilən yanğınların uzun müddət davam etməsində maraqlı olan riyakar düşmən döyüş meydanında məğlubiyyətini etiraf edir və hərbi cinayətlər törədərəkdünyaya öz işğalçı və terrorçu imicini bir daha tanıdır
Azərbaycan tərəfinin düşmənə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Ermənistan tərəfindən hərbi cinayətlər və dinc əhalinin atəşə tutulması davam edir. Azərbaycan ordusunun nümayiş etdirdiyi təmkin və mərkəzləşmiş vahid komandanlıq altında idarəetmə sistemi ilə Ermənistan ərazisindən bölmələrimizin mövqelərinə və yaşayış məntəqələrimizə açılan atəş nöqtələri təyinatları və döyüş vasitələri adekvat tədbirlər çərçivəsində legitim hərbi hədəflərə çevrilir və çevriləcək.
Biz döyüş meydanında öz gücümüzü göstərməklə bərabər, humanist və bəşəri dəyərlərə hörmətimizi də nümayiş etdiririk. Azərbaycan ordusu tərəfindən əsir götürülən hərbi və mülki vətəndaşlara diqqət və həssaslıqla yanaşılır, onların qarşı tərəfə sağlam təhvil verilməsinə cəhd edilir. Ancaq təəssüflər olsun ki, Ermənistan hərbi və siyasi rəhbərliyi ölkədaxili təzyiq və gərginlikdən qorxaraq öz vətəndaşlarına sahib çıxmır və öz vətəndaşlarını yanlış məlumatlarla aldadır.Başda Ali Baş Komandanımız olmaqla müharibənin taleyini müəyyən edən, döyüş meydanında əsl şücaət göstərən şanlı Azərbaycan ordusunun səyləri nəticəsində iflic vəziyyətə düşən Ermənistan ordusunun arsenalında yer alan köhnə və istismar müddəti bitmiş silah və hərbi sursatların məhv edilməsi illərlə özlərini və dünyanı aldadaraq yaratmış olduqları güclü və qalib erməni ordusu mifinin real durumunu təsbit edir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın televiziya kanalına müsahibəsində qeyd etdiyi kimi:“Müzəffər erməni ordusu” haqqında mif puç oldu, əslində isə belə ordu yox idi. Münaqişənin tarixinə dərindən bələd olanlar çox gözəl bilirlər ki, bizim torpaqlarımız, o cümlədən sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən işğal edilib. Xankəndidə yerləşən bu alaydakı hərbi qulluqçuların məncə 70 faizi erməni mənşəli idi. Yəni bu, şəxsi heyəti ermənilərdən ibarət olan sovet silahları, sovet komandanlığı idi. Onlar həm etnik təmizləmələrdə, həm də soyqırımında fəal rol oynayırdılar”
Xalqımız şanlı Azərbaycan Ordusunun tam qələbəsini böyük ümid və inamla gözləyir. Hər gün cəbhədən gələn müjdələr Qələbə gününün uzaq deyil, yaxın günlərdə yaşanması inamını yaradır. Cənab Ali Baş Komandanımızın ətrafında sıx birləşən xalqımızın həmrəyliyi və Azərbaycan ordusunun gücü sayəsində qələbə bizimdir!!
Qarabağ Azərbaycandır!
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev