...

BMT xüsusi sessiyanın keçirilməsi Azərbaycan Prezidentinin təşəbbüslərinə yüksək önəm verildiyini təsdiqləyir - Deputat

Siyasət Materials 7 Noyabr 2020 21:00 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

BMT Baş Assambleyasının plenar iclasında Covid-19 pandemiyasına cavab olaraq xüsusi sessiyanın keçirilməsi ilə bağlı qətnamənin qəbul edilməsi Azərbaycan Prezidentinin təşəbbüslərinə beynəlxalq ictimaiyyətin nə qədər yüksək önəm verdiyini bir daha təsdiqləyir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Deputat qeyd edib ki, BMT tarixində keçirilən çoxsaylı xüsusi sessiyalardan yalnız üçü dövlətlər tərəfindən çağırılıb. Azərbaycan Prezidentinin təklifi ilə keçiriləcək xüsusi sessiya isə ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans formatında təşkil olunacaq: “Bu, bir tərəfdən Azərbaycanın dünyada gedən proseslərə, bəşəriyyəti narahat edən qlobal problemlərə etinasız yanaşmadığını, əksinə məsuliyyəti bölüşməyə, bu problemlərin həllinə töhfə verməyə təşəbbüs göstərən dövlət olduğunu təsdiqləyir. Digər tərəfdən, Azərbaycanın beynəlxalq münasibətlərin etibarlı, məsuliyyətli iştirakçısı kimi qəbul edildiyini göstərir”.

S.Məmmədov bildirib ki, 3-4 dekabr tarixlərində keçirləcək xüsusi sessiyada Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin də çıxışı gözlənilir və bu ölkəmizin təşkilata sədrliyi dövründə əldə etdiyi növbəti uğur kimi tarixə düşəcək:

“Dünya indi çox çətin bir problemlə üz-üzədir. COVİD-19 yalnız insanların sağlamlığına təhlükə yaratmır, eyni zamanda ciddi sosial, iqtisadi problemlərə səbəb olmaqla dövlətləri çox mürəkkəb sınaqlarla üz-üzə qoyub. Bu elə bir problemdir ki, onunla təklidə mübarizə aparmaq və qalib gəlmək mümkün deyil. Dünya dövlətləri və xalqları öz gücünü, imkanlarını mümkün qədər birləşdirərək bu ümumi bəlanın aradan qaldırılmasına çalışmalıdır. Bu baxımdan Azərbaycanın təşəbbüsü bütün dünya üçün böyük əhəmiyyət kəsb edir”.

Milli Məclisin deputatı Ermənistanın xüsusi sessiyanın keçirilməsi ilə bağlı təşəbbüsə qarşı çıxdığını və bununla bir daha dünyada gedən prosesləri düzgün qiymətləndirməyən xarici siyasət yürütdüyünü nümayiş eydirdiyini vurğulayıb: “Koronavirusun ən böyük problem yaratdığı ölkələrdən biri də Ermənistandır. Əhalinin sayına düşən ölüm statistikasına görə bu ölkə ilk yerlərdədir. Eyni zamanda xəstələrin əhalinin sayına nisbətinə görə də ilk sıralarda dayanır. Buna baxmayaraq, heç bir siyasi məqsəd daşımayan, əksinə dünyanı narahat edən bir problemin müzakirəsinə qarşı çıxmaqla Ermənistan öz imicinə növbəti zərbə vurur”.

S.Məmmədov əmin olduğunu bildirib ki, Azərbaycanın təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyasının xüsusi sessiyası pandemiya ilə mübarizədə beynəlxalq əməkdaşlığı gücləndirilməsinə xidmət edən önəmli qərarlar qəbul edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti