...

Azərbaycanın haqq işinə güclü dəstək: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi erməni cinayətlərinə susmadı

Siyasət Materials 23 Fevral 2021 20:01 (UTC +04:00)
Azərbaycanın haqq işinə güclü dəstək: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi erməni cinayətlərinə susmadı

Bakı. Alpər Ziya - Trend:

2021-ci il Azərbaycanda “Nizami ili”dir. Məhz belə bir ildə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəallığı ayrıca qeyd edilməlidir. Xüsusən də ötən il Azərbaycanın Vətən müharibəsi vaxtı və müharibədən sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycanın ərazi bütövlüyünə və haqq işinə güclü dəstək verdi. Bununla belə, Mərkəz erməni terroruna, onun müharibə cinayətlərinə qarşı susmayan əsas beynəlxalq təşkilatlardan biri idi.

Elə Vətən müharibəsi günlərində - oktyabr ayında Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə ardıcıl raket zərbələri endirməsini, nəticədə mülki insanların ölməsi və infrastrukturun dağılmasını pisləyən ilk təşkilatlardan biri də məhz Nizami Gəncəvi Beynəlxalq Mərkəzi olub.

Həmin terror hadisəsindən dərhal sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayaraq dəstəklərini ifadə etdilər. Onların həmin məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Biz hazırda Azərbaycandakı vəziyyəti böyük narahatlıqla izləyirik. Tarixi və mühüm əhəmiyyətli Gəncə şəhərində mülki şəxslərin həlak olması ilə bağlı xəbərlər ciddi narahatlıq doğurur.
Biz kənar qüvvənin beynəlxalq hüququ kobud şəkildə pozaraq ölkənizin ərazisini işğal etməsi və beynəlxalq təşkilatların buna lazımi reaksiya göstərməməsi ilə bağlı məyusluğun nə olduğunu Ukraynada yaxşı başa düşürük.

Cənab Prezident, biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvləri olaraq Sizin yanınızdayıq. Biz bu problemlə bağlı təbliğat işlərinin aparılması məqsədilə lazımi tədbirləri əlaqələndirmək üçün həmsədrlərimiz və baş katibimizlə sıx əməkdaşlıq edirik. Ölkəniz və xalqınız üçün dua edirik”.

Həm müharibə vaxtı, həm də ondan sonrakı günlərdə də Azərbaycanın dövlət başçısına Mərkəz həmsədrlərindən və üzvlərindən bunun kimi onlarla məktub ünvanlandı.

Bu gün isə Prezident İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul etməsi bir daha onu göstərdi ki, Mərkəzlə əlaqələr qarşılıqlı etimada əsaslanır. Dövlət başçısı özü də daim Azərbaycanı dəstəklədiyi üçün həmsədr İsmail Serageldinə minnətdarlığını bildirdi.

“Sizə, xanım həmsədr Vayra Vike-Freyberqaya və Mərkəzin İdarə Heyətinin digər üzvlərinə Azərbaycanın uğurla həyata keçirdiyi azadlıq müharibəsi ilə əlaqədar mənə ünvanlanmış səmimi məktublarınıza görə minnətdarlığımı ifadə etmək istərdim. Sizin müharibə vaxtı və müharibədən sonra dəstək məktublarınız, Azərbaycanın ərazi bütövlüyünə dəstəyiniz ölkəmizdə yüksək qiymətləndirilir. Mən torpaqlarımızın azad edilməsi işinə bu çox açıq, səmimi, ədalətli yanaşmaya görə olduqca minnətdaram” – deyə, Prezident İlham Əliyev vurğuladı.

Dövlət başçısı, həmçinin qeyd etdi ki, regionumuzun uzun illər ərzində gözlədiyi sülh bərqərar olub və bu sülh uzunmüddətli olmalıdır: “Əminəm ki, Mərkəzin fəaliyyətində siz, həmçinin bu imkanlara, müharibədən sonrakı inkişaf imkanlarına, münaqişədən sonrakı vəziyyətə diqqəti cəmləyəcəksiniz. Ümid edirəm ki, pandemiyadan sonra Mərkəzin növbəti tədbirində, həmçinin Mərkəzin üzvlərinin də işğaldan azad edilmiş bir sıra əraziləri ziyarət etmək və ola bilsin, orada müəyyən tədbiri təşkil etmək fürsəti olacaq. Lakin bu, əlbəttə, bizim gələcək əməkdaşlığımızın və müzakirələrimizin bir hissəsidir”.

Dövlət başçısının bu çıxışından belə qənaətə gəlmək olar ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə azad edilmiş ərazilərdə dağıntıların miqyası ilə tanış olmaq üçün geniş imkanlar yaradılacaq. Əlbəttə ki, bütün bunlar Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılması üçün mühüm əhəmiyyətə malikdir.

Bu kontekstdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin sözləri də diqqət çəkir: “Mən İdarə Heyətindəki həmkarlarımla ziyarətetmə zərurəti olmadan Sizin dinindən asılı olmayaraq, bütün tarixi abidələrin tərəfinizdən qorunmasına dair möhtəşəm bəyanatınızla bağlı videoformatda xüsusi tədbirin keçirilməsi məsələsini müzakirə edirdim. Hesab edirəm ki, bu, çox mühüm məsələdir və biz UNESCO, Dünya Abidələr Fondu kimi təşkilatları, mədəni irsin qorumasına cəlb olunmuş təşkilatları dəvət etməklə bu məsələni daha yaxşı qabarda bilərik və Sizin bəyanatınızla bağlı onları müzakirələrə cəlb edə bilərik. Çünki bu, insanların qalibin nəinki təkcə möhtəşəm olduğunu, eyni zamanda, Siz də dediyiniz kimi, regionda sülhü təşviq etmək məqsədilə yeni səhifə açmaq istədiyini söyləməsi üçün bir nümunə ola bilər. Bu məsələni həll etməyin bir yolu mədəni irs məsələləri ola bilər. Bunlar da bütün tərəflərdə maraq oyatmaq üçün bəzi insanlar tərəfindən istifadə edilə bilən məsələlərdir. Beləliklə, Siz bu mühüm bəyanatı verməklə bunun qarşısını aldınız və hesab edirəm ki, biz bununla bağlı tədbir keçirə bilərik. İlk növbədə, mən həqiqətən də Sizi bu tarixi nailiyyət münasibətilə təbrik etmək istəyirəm. Bu, tarixi nailiyyət hətta Sizin dahi atanız Heydər Əliyev üçün belə mümkün olmamışdı. Lakin onun dahi oğlu bunu edə bildi. Bu, həqiqətən də böyük nailiyyətdir”.

Belələliklə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ədalətli və səmərəli fəaliyyəti ilə həm “Nizami ili”nə, həm də Azərbaycanla əməkdaşlığına layiqli töhfə vermiş olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti