...

Xocalı soyqırımı ilə Sumqayıt hadisələrinin ermənilər tərəfindən eyniləşdirilməsi absurddur - Deputat

Siyasət Materials 1 Mart 2021 14:47 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Emənilər tarix boyu yalan və saxtakarlıqlara əl ataraq Azərbaycana qarşı əsassız iddialar irəli sürüblər. Bu absurd iddialardan biri də Sumqayıt hadisələri ilə bağlıdır. Ermənilər o zaman SSRİ dövründə Azərbaycana qarşı planlaşdırılmış və ermənilərin əli ilə törədilmiş təxribat hadisələrini sanki ermənilərin faciəsi kimi qələmə verməyə çalışırlar. Hətta ermənilər bir az da hiyləgərlik edərək Ermənistanın müxtəlif şəhərlərində Sumqayıt hadisələri ilə bağlı qondarma abidələr qurublar.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat vurğulayıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə Tsitsernakaberd şəhərində belə qondarma abidələrdən birini “ziyarət” edərək özlərini yazıq xalq kimi göstərməyə çalışıb.

A.Həsənovanın sözlərinə görə, bu “ziyarət”in Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilən bəşəriyyətin ən ağır qətliamlardan biri olan Xocalı soyqırımı ərəfəsində reallaşdırılması ermənilərin hiyləgərliyinin məhsuludur:

“Onlar özlərini dünyaya yazıq bir xalq kimi göstərəməyə çalışaraq Sumqayıt təxribatlarını Xocalı soyqırımı ilə eyniləşdirməyə cəhd edirlər. Lakin onların bu hiyləgərlikləri heç bir nəticə vermir və bundan sonra da verməyəcək. Sumqayıt hadisələri ilə Xocalı soyqırımı arasında hansısa paralellər aparmaq Ermənistan rəhbərliyinin səriştəsizliyindən və siyasi savadının çatışmazlığından irəli gəlir.

Ermənisan rəhbərliyi unudur ki, Sumqayıt hadisələrini törədənlər məhz elə ermənilərin özləri idi. Bu təxribatlar əvvəlcədən planlaşdırılmışdı. Nəzərinizə çatdırım ki, həmin hadislər zamanı ermənilər tərəfindən öldürülənlərin 6-sı azərbaycanlı idi. Hadisələrin səbəbkarı, yürüşə başçılıq edən isə milliyyətcə erməni olan Eduard Qriqoryan idi. Eduard Qriqoryan özü cinayətkar olub, ermənilərin özləri onun haqqında şikayətlər veriblər.

Elə Sumqayıtda yaşayan ermənilərin çoxsaylı şahid ifadələri əsasında məhkəmənin qərarı ilə Eduard Qriqoryan 12 il azadlıqdan məhrum edilərək cəzasını çəkmək üçün Ermənistana köçürülüb, lakin orada azadlığa buraxılıb.

Sumqayıt hadisələri ilə bağlı təqsirkar bilinən 92 nəfər barəsində həbs cəzası verildi, həmçinin bir nəfər ölüm cəzası aldı. Yəni bu hadisələr ermənilərin uydurduqları kimi hər hansı faciə deyil, elə ermənilərin özlərinin əli ilə törədilmiş təxribat idi. Bu hadisələrə görə ermənilərin özlərinin də həbs edilməsi bunu aydın şəkildə sübut edir”.

Deputat vurğulayıb ki, yuxarıda qeyd olunan faktlardan aydın görünür ki, Xocalı soyqırımı ilə Sumqayıt hadisələri arasında hər hansı bir paralellər aparmaq sadəcə saxtakarlıq və hiyləgərlikdən başqa bir şey deyil: “Xocalı soyqırımı bir xalqa qarşı dərin nifrət hissindən irəli gələrək onu məhv etmək məqsədilə törədilmiş bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biridir. Bu soyqırım qurbanları və vəhşətləri qarşısında Sumqayıt hadisələri heç bir müqayisəyə gələ bilməz.

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olundu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürüldü.

Təəssüflər olsun ki, Sumqayıt hadisələrindən fərqli olaraq Xocalı soyqırımının cinayətkarları hələ də azadlıqda gəzir. Bu soyqırımın 40 nəfər təşkilatçıları haqqında Azərbaycan Baş Prokurorluğu tərəfindən ittiham irəli sürülüb onlar axtarışa verilsə də, onlar öz cəzalarını çəkməyiblər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti