...

Ermənistanda hakimiyyət dəyişsə belə, 10 noyabr razılaşması icra olunmalıdır - Deputat

Siyasət Materials 15 Mart 2021 14:11 (UTC +04:00)
Ermənistanda hakimiyyət dəyişsə belə, 10 noyabr razılaşması icra olunmalıdır - Deputat

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Ermənistan daxilində siyasi gərginlik durmadan artmaqdadır, ölkə vətəndaş müharibəsi astanasındadır, siyasi hakimiyyət üstündə ciddi mübarizə gedir.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, təəssüflər olsun ki, Ermənistanda belə bir vəziyyətdə hələ də revanşist fikir səsləndirənlər, Ermənistanın kapitulyasiyasını əks etdirən 10 noyabr razılaşmasının həyata keçməsinə mane olmaq istəyənlər var:

“Bu revanşist qüvvələrin başında isə əli Azərbaycan xalqının qanına batmış Koçaryan və Sarkisyan kimi qatillər, cinayətkarlar dayanır. Onlar öz ağıllarınca revanş almaq, Qarabağda vəziyyəti dəyişmək barədə absurd fikirlər səsləndirirlər. Bundan əvvəl isə Ermənistan prezidenti Armen Sarkisyan da yeni müharibə haqqında cəfəng fikirlər səsləndirmişdi. Görünür, onlar hələ də reallığı dərk etməyiblər.

Bu gün Ermənistan 10 noyabr razılaşmasının həyata keçməsinə maneələr törədir, prosesi ləngitməyə çalışır. Xüsusilə Ermənistan tərəfi 10 noyabr razılaşmasında kommunikasiyaların açılması ilə bağlı şərtin həyata keçməsini ləngitməyə çalışır. Lakin onlar bununla heç nəyə nail ola bilməyəcəklər. Bu gün Ermənistanın nə revanş almağa, yeni müharibəyə gücü var, nə də 10 noyabr razılaşmasını yerinə yetirməmək imkanı.

44 günlük Vətən müharibəsində Azərbaycan ermənilərin 30 il ərzində yaratdığı mifi, bizim ərazilərimizdə qurduqları “keçilməz” istehkamları darmadağın etdi, Ermənistan ordusunu məhv etdi. Ermənistan onillikər boyu bu məğlubiyyətdən özünə gələ bilməyəcək. Ermənistan mətbuatının yaydığı məlumatlara görə, ölkədə hərbi xərclər azaldılır, onlar hətta hərbçilərin maaşlarını ödəyə bilmirlər, müharibədə ölən hərbçilərin ailələrinə pensiya verə bilmirlər.

Bu gün Ermənistan həm siyasi, həm də sosial-iqtisadi xaos içindədir, ölkənin gələcəyi qeyri-müəyyənlik içindədir. Belə olan vəziyyətdə Ermənistanın revanş almaq, 10 noyabr razılaşmasına mane olmaq kimi fikirlər sadəcə cəfəngiyyatdır. Ermənistan hansı ordu ilə Azərbaycanla yenidən müharibə edə bilər?! Ermənistan ordusu 44 günlük müharibədə məhv edilib, 30 illik mif dağıdılıb. İndi hansı ordunu qabağa verəcəklər, hansı mifi uyduracaqlar?!

Belə olan vəziyyətdə Ermənistanın 10 noyabr razılaşmasna əməl etmək və kommunikasiyaları açmaqdan başqa çıxış yolu yoxdur. Bu baxımdan hesab edirəm ki, Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, 10 noyabr razılaşması yerinə yetirilməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti