Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Azərbaycanla Ermənistan arasında etimadın formalaşmasına töhvə vermək niyyətindədir.
Trend-in Gürcüstan KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Litvanın xarici işlər naziri Qabrielyus Landsberqis Tbilisidə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında razılaşma çox vacib addım sayılır.
Mətbuat konfransında çıxış edən Avstriyanın XİN rəhbəri Aleksandr Şallenberq, öz növbəsində, bildirib ki, tərəflərin bu məsələni həll etməli olduqlarını və bu proses üçün tərəfdaşlara ehtiyac duyduqlarını anlamaları diqqət çəkir. Aİ bunun üçün əlindən gələni etməyə hazırdır: "Azərbaycan və Ermənistanla çox intensiv danışıqlar apardıq. Bu səfər tərəflər arasında ilk etimad toxumlarını əkmək məqsədimizi təsdiqlədi".
Onun sözlərinə görə, Gürcüstanın baş naziri saxlanılan ermənilərin Azərbaycan tərəfindən qarşı tərəfə verilməsində və Ağdamdakı minalanmış ərazilərin xəritəsinin Ermənistan tərəfindən Azərbaycana verilməsində mühüm rol oynayıb:
"Düşünürəm ki, bu üçtərəfli əməkdaşlıq bütün tərəfdaşlar üçün faydalıdır".