...

Jirinovski kimi siyasətçilər ən böyük zərbəni Rusiyanın özünə vururlar - Ekspert

Siyasət Materials 1 Avqust 2021 09:13 (UTC +04:00)
Jirinovski kimi siyasətçilər ən böyük zərbəni Rusiyanın özünə vururlar - Ekspert

Bakı. Trend:

Vladimir Jirinovskinin növbəti sərsəmləmələri onun psixologiyasında SSRİ-nin süqutundan, ənənəvi “rəis”lərini itirdikdən sonra başlayan pozuntuların daha ağır mərhələyə qədəm qoymasından xəbər verir. Görünür bu dəfəki pozuntuların ağırlıq dərəcəsi onun Rusiyanın siyasi arenasında növbəti dəfə sahibsiz qalması və təkrar istifadəyə yararsız olması ilə bağlıdır. Əslində onun kimi siyasətçilər ən böyük zərbəni Rusiyanın özünə vururlar.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, belə adamlar sahibsiz qalmağa alışmayıblar və çox güman ki, məğlub Ermənistanın kriminal diasporunun Jirinovskini təkrar istifadəyə verməyə ehtiyac duyub:

“Amma görünür onun üfunət qoxuduğunun fərqinə varmayıblar, yaxud başqa seçimləri olmayıb.
Jirinovski uzun illərdir ki, Rusiyanın ictimai-siyasi mühitini zəhərləməklə məşğuldur. Əslində onun kimi siyasətçilər ən böyük zərbəni Rusiyanın özünə vururlar. Çünki belə aqressiv, xəstə neoimperialist yanaşmalar vaxtilə Rusiya ilə eyni dövlətin tərkibində olan dövlətlərin xalqlarını narazı salır, xalqlararası etimadlı münasibətlərin yaranmasına və inkişafına mane olur. Müasir dünyada dövlətlərin nüfuz dairələrini onların iqtisadi gücü, elan etdikləri prinsiplərə sədaqəti, beynəlxalq münasibətlərdə ədalətli davranışları müəyyənləşdirir, bu dövlətlərin siyasətçilərinin aqressiv bəyanatları, ultramillətçi çağırışları yox. Məhz bu baxımdan Jirinovski kimi qondarma siyasətçilərin, siyasi klounların davranışları postsovet məkanında sivil və etimadlı münasibətlərin inkişafına, inteqrasiya proseslərinə qismən də olsa mənfi təsir göstərir. Jirinovski yarımçıq diplomat olduğu kimi, həm də yarımçıq siyasətçidir. Şərq dilləri üzrə təhsil alsa da, Şərqi yaxşı tanımır. Əgər tanısaydı etik sərhədlərin aşılmasının nə qədər təhlükəli olduğunu və bunun onun axmaq fikirlərlə zəngin olan başından daha böyük problemlərə yol aça biləcəyini anlayardı”.

E.Mirzəbəyli bildirib ki, Jirinovski vaxtilə Türkiyədə çalışıb, həm də gənc yaşlarında:

“Düşünürəm ki, həmin dövrdə onunla nə baş verdiyini araşdırmaq lazımdır. Çünki keçmişində ağrılı xatirələri olan insanlar keçmişləri ilə bağlı olan insanlara, cəmiyyətlərə, hətta xalqlara qarşı aqressiv olurlar. Rus xalqının da çox sevdiyi məşhur bir Şərq məsəli var: İt hürər, karvan keçər. Jirinovski illərdir ki, Rusiya-Azərbaycan münasibətlərinin zərər görməsi üçün əlindən gələni əsirgəmir, amma son anda ona yenə də karvanın arxasınca baxmaq qalır.
Bu adamın çıxışlarının heç birinin digəri ilə yaxından uzağa bağlılığı yoxdur. Bu adam bir neçə il öncə Azərbaycanı rus dilinə və mədəniyyətinə münasibətdə başqalarına nümunə göstərir, Azərbaycanın siyasi rəhbərliyinin ünvanına rus dilinin lüğətində mövcud olan bütün mümkün tərifləri yağdırırdı. İndisə erməni yalının təsir altında yenə də erməni yoluna düşərək, özünü axırıncı yola qoyub.

Jirinovskinin kim olduğunu siyasətlə yaxından uzağa əlaqəsi olan hər kəs bilir. Rusiyada Jirinovskini “jirik” çağırırlar. “Jirik” “jirovik” sözünün qısaldımış formasıdır. Yəni, piy toxumasının törəməsi... Yararsız piy yığını, əməliyyatla kəsib götürülür. Varlığı orqanizmə təsir etməsə də xoş olmayan bir görüntü yaradır, estetikanı pozur. Jirinovskinin Rusiya siyasətindəki mövcudluğu da təkcə Azərbaycan-Rusiya münasibətlərinin deyil, şimal qonşumuzla tarixi mədəni əlaqələri olan bütün xalqlarla və dövlətlərlə münasibətlərinin estetikasını pozur.

Rusiyanın siyasi mühitində Jirinovski kimi siyasətçilərin mövcudluğu, həm də bu ölkənin daxili siyasi münasibətlər sisteminə ciddi zərbə vurur, onu inkişafdan saxlayır.

Azərbaycana gəldikdə isə, bizim ölkəmizdə sağlam iqtidar-müxalifət münasibətləri və qarşılıqlı etimad, milli maraqlar üzərində qurulan dialoq mühiti var. Bu gün Azərbaycanın bütün siyasi partiayaları dövlətçilyimizin təməl prinsipləri ətrafında həmrəylik nümayiş etdirir, milli maraqlarımızın qorunmasında vahid mövqedən çıxış edirlər. Prezident, Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən böyük qələbə siyasi baxışlarından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı üçün tükənməz güc və birlik rəmzidir. Bu güc və birlik Azərbaycanı yeni qələbələrə aparacaq və Jirinovski kimilər bizim Zəfər karvanımızın arxasınca baxmaqla kifayətlənməli olacaqlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti