...

İran yük maşınları Qarabağa qanunsuz yük daşıyır - FAKTLAR

Siyasət Materials 11 Sentyabr 2021 14:58 (UTC +04:00)

Bakı. Trend:

Bu ilin avqustunda Azərbaycan rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi bölgələrə çoxlu sayda İran yük maşınının daxil olması barədə məlumatlar əldə etmişdi. Məlum olmuşdu ki, 11 iyul - 8 avqust tarixlərində 35 İran avtomobili 70 dəfə Laçın dəhlizi vasitəsilə giriş-çıxış həyata keçirib.

Bununla əlaqədar, avqustun 11-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılmış və Azərbaycan tərəfinin narahatlığının ifadə olunduğu nota ona təqdim edilmişdi.

Həmin müddətdən bir ay vaxt keçməsinə baxmayaraq, rəsmi Bakının etirazlarının cavabsız qaldığı üzə çıxıb.

Trend-in əldə etdiyi görüntülərə əsasən, İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmasının davam etdiyi məlum olur. Belə ki, avqustun 11-dən sentyabrın 10-dək Xankəndiyə müxtəlif təyinatlı, əsasən yanacaq-sürtkü materialları daşıyan 58 yük maşını daxil olub. Bunlardan 55-i oranı daha sonra tərk edib.

Bundan başqa, əldə olunan məlumatlara görə, iranlılar və ermənilər müxtəlif hiylələrə əl atırlar. Onlar rusiyalı sülhməramlıların yerləşdirildiyi zonalara çatdıqdan sonra İran maşınlarına erməni qeydiyyat nömrələri yerləşdirirlər.

Bununla bağlı, təkzibolunmaz faktlar, fotogörüntülər mövcuddur. Qeyd etmək lazımdır ki, İrandan Qarabağa qanunsuz daşımalar rəsmi Bakının dəfələrlə müasir videomüşahidə sistemlərinə malik olması ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, həyata keçirilib.

Bu baxımdan, İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohurinin sərhədyanı bölgəyə səfərini xatırlatmaq yerinə düşər. Həmin vaxt səfir sərhədyanı insidentlərdən narahatlığını bildirmiş və binokl vasitəsilə Azərbaycanın mövqelərini müşahidə etmişdi.

Bu kontekstdə Rusiya sülhməramlılarının davranışı da diqqətdən kənarda qalmır. Axı, ermənilərin və iranlıların hərəkətləri onların gözü qarşısında baş verir. Belə çıxır ki, onlar Laçın dəhlizində vəziyyətə nəzarət edə bilmir, ya da böyük ehtimalla, bütün bunlar onların susqun razılığı ilə baş verir...

Müşahidələr nəticəsində məlum olub ki, 11 iyul - 8 avqust tarixlərində 20 minə yaxın şəxs Xankəndini tərk edib və yalnız 15 min nəfər daxil olub. Sülhməramlılar bunu çox gözəl başa düşür ki, onların məsuliyyət zonası boşalacağı təqdirdə Qarabağda sülhməramlı kontingentin qalmasının məqsədəuyğunluğu sual altına düşəcək.

Azərbaycan tərəfi bütün bunları görür, sənədləşdirir və müvafq nəticələr çıxarır. İran tərəfinə təkzibi mümkün omayan konkret faktlar təqdim olunub. İran şirkətlərinin Şuşada Gövhər Ağa məscidinin qanunsuz təmiri və onu Azərbaycan məscidindən İran məscidinə çevirmək cəhdlərinin, Tehranın isə bunu təkzib etməsinin vaxtı artıq bitib. Bu gün hər şey göz qabağındadır. İran Azərbaycan xalqının qarşısında hansı cavabı verəcək?

Məqalədə:
Xəbər lenti

Xəbər lenti