Bakı. Humay Ağacanova - Trend:
Oktyabrın 26-sı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa olan ikinci səfəri baş tutdu. Bu səfər bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil. Bizim yanımızda türk qardaşlarımız var. Heç bir qüvvə bizi hədə-qorxu ilə getdiyimiz yoldan döndərə bilməz.
Bunu Trend-ə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin veteranı, ehtiyatda olan polkovnik Azər Qarayev deyib.
O qeyd edib ki, Azərbaycanın çətin günlərində də, xoş günlərində də başda Rəcəb Tayyib Ərdoğan olmaqla türk xalqı daim yanımızda olub: “Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılışında birgə iştirak etdiyi Füzuli hava limanı həm Qarabağın iqtisadiyyatı, həm də strateji məqsəd üçün çox əhəmiyyətlidir. Ərdoğan dünən çıxışı zamanı da bildirdi ki Füzuli hava limanını gördüyü zaman inana bilmirdi ki, işğal dövründə ermənilər tərəfindən minalanmış, dağıdılmış torpaqlarda bir ildən az bir müddətdə bu cür beynəlxalq aeroport tikilə bilər”.
A.Qarayev, həmçinin bildirib ki, azad olunmuş ərazilərdə olan sürətli quruculuq işləri Azərbaycan siyasətində Qarabağın inkişafının ən öndə olan məslələrdən biri olduğunun göstəricisidir: “Füzuli hava limanının inşası turizm üçün də çox əhəmiyyətlidir. Çünki artıq dünyanın istənilən ölkəsindən birbaşa Qarabağa gəlmək mümkün olacaq. Gələcək illərdə Zəngilan və Laçın aeroportlarının da açılması Azərbaycanın inkişafı üçün böyük önəm kəsb edir”.
Müharibə bitdikdən sonra Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyənatın imzalandığını vurğulayan A.Qarayev oktyabrın 26-da Türkiyə Prezidentinin Qarabağa səfəri çərçivəsində təməli qoyulan Zəngəzur dəhlizinin də sözügedən bəyanatda qeyd edildiyini xatırlatdı.