Bakı. Trend:
Azərbaycan hərbçiləri Laçın dəhlizinin təhlükəsizliyinin təmin olunmasına daha çox cəlb olunmalıdır.
Trend-in məlumatına görə, bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov rusiyalı ekspertlərin Şuşaya səfərinin yekunları ilə bağlı bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.
"Təəssüf ki, nümayəndə heyətinin Şuşaya səfərindən bir neçə saat əvvəl bizim keçəcəyimiz yolda terror aktı törədildi. Rusiya sülhməramlılarının postu Azərbaycan hərbçilərinin postundan 8-9 metr aralıda yerləşirdi. Rusiya sülhməramlıları möcüzə sayəsində xəsarət almadı", - deyə rusiyalı politoloq bildirib.
Onun sözlərinə görə, Şuşadakı terror aktı Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat çərçivəsində davam edən prosesə qarşı yönəlib.
Qeyd edək ki, noyabrın 13-də Ermənistan vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularına əl qumbarası ilə hücum edib, nəticədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Hafiz Nəsibova və digərlərinə (cəmi üç nəfərə) müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Erməni terrorçu Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.