...

Azərbaycan və Ermənistan sərhədlərin demarkasiyası və delimitasiyası mexanizmlərinin yaradılması barədə razılığa gəliblər - Putin

Siyasət Materials 26 Noyabr 2021 20:58 (UTC +04:00)
Azərbaycan və Ermənistan sərhədlərin demarkasiyası və delimitasiyası mexanizmlərinin yaradılması barədə razılığa gəliblər - Putin

Bakı. Trend:

Azərbaycan və Ermənistan ilin sonunadək sərhədlərin demarkasiyası və delimitasiyası mexanizmlərinin yaradılması barədə razılığa gəliblər.

Trend-in məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatla çıxışı zamanı deyib.

V.Putin bildirib:

"Bizim üçtərəfli görüşün yekununda mən öz həmkarlarım – Azərbaycan Prezidentinə və Ermənistanın baş nazirinə bir daha təşəkkür etmək istərdim ki, onlar Rusiyaya gəlməyə və Qarabağ problemi ətrafında və bütövlükdə, hazırda regionda nizamlama məsələlərində yaranan vəziyyəti müzakirə etməyə razılaşıblar. Əvvəlcədən deməliyəm ki, bu gün biz çox konstruktiv şəkildə işləmişik. Bu gün üçün yaranmış vəziyyət dərindən təhlil edilib. Biz Rusiya sülhməramlılarının, sərhədçilərin, ərazilərin minalardan təmizlənməsi ilə məşğul olan, insanların daimi yaşayış yerlərinə qayıtmalarını təmin edən mütəxəssislərin işini yüksək qiymətləndirdik.

Onu da qeyd etmək istərdim ki, mənim fikrimcə biz mühüm olan bir sıra məsələlər barədə razılığa gəldik. Onlardan birincisi bu ilin sonuna qədər mexanizmlər yaradılmasıdır. Biz iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərini yaratmaq barədə razılığa gəldik. Ümidvaram ki, bu, tezliklə baş verəcək. Bu mexanizmlərin yaradılması üçün heç bir maneə yoxdur.

Diqqəti cəlb etmək istədiyim ikinci məsələ humanitar xarakterli məsələlərlə bağlı çox mühüm, həssas məqamdır. Biz burada da nəzərəçarpacaq dərəcədə irəlilədik.

Nəhayət, üçüncü məsələ ondan ibarətdir ki, biz iqtisadi xarakterli məsələlər, iqtisadi əlaqələrin inkişafı barədə çox ətraflı söhbət etdik, birinci addım kimi nəqliyyat dəhlizlərinin açılması barədə danışdıq, bu, həm dəmir yoluna, həm də avtomobil yollarına aiddir. Düşünürəm ki, biz artıq xeyli müddət ərzində bu məsələ üzərində işləyən baş nazirlərimizin müavinlərinə təşəkkür etməliyik. Gələn həftə, - bu, bizim növbəti razılaşmadır, - onlar müəyyən yekunlar vurmaq və bu gün razılaşdırdığımız və qəbul etdiyimiz qərarları elan etmək üçün Moskvada toplaşacaqlar. Bugünkü işə görə bir daha çox sağ olun. Həm Azərbaycan Prezidentinə, həm də Ermənistanın baş nazirinə təşəkkürlərimi bildirmək istəyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti