...

Ermənistanın Zəngəzur dəhlizini açmaqdan başqa çıxış yolu yoxdur - TƏHLİL

Siyasət Materials 8 Dekabr 2021 00:01 (UTC +04:00)
Ermənistanın Zəngəzur dəhlizini açmaqdan başqa çıxış yolu yoxdur - TƏHLİL

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənistan regionda kommunikasiyaların açılması prosesini ləngitməkdə davam edir. Məlumdur ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsindən sonra Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur olub. Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli bəyanatda və ondan sonra imzalanmş digər bəyanatlarda regionda kommunikasiyaların, xüsusilə Zəngəzur dəhlizinin açılması ilə bağlı maddə əksini tapıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli, bu istiqamətdə əməli və praktik fəaliyyət həyata keçirməli və konkret vaxt müəyyən etməlidir.

“Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı maddə mövcuddur. Eyni zamanda, cari ilin noyabr ayında Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə regionda kommunikasiyaların açılması ilə bağlı sənəd imzalanıb.

Ermənistan təxribatlar törətməklə, süni əngəllər yaratmaqla Zəngəzur dəhlizinin açılmasını ləngitmək niyyətindədirsə, bu, Ermənistan üçün baha başa gələcək. Ermənistanın başqa çıxış yolu yoxdur. Ermənistan 30 il müddətində işğalçılıq siyasəti yürütdüyünə görə dalan bir ölkəyə çevrilib. Bu gün Ermənistan yeganə çıxış yolu kimi üçtrərəfli sənədlərin icrasını təmin etməklə Zəngəzur dəhlizinin açılmasını həyata keçirməlidir”, - deyə C.Osmanov bildirib.

Politoloq Ceyhun Əhmədli isə Trend-ə deyib ki, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi kifayət qədər aydın və birmənalıdır:

“Dövlətimizin başçısı müharibədən sonrakı dövrdə dəfələrlə bəyan edib ki, biz bu dəhlizin açılmasına nail olacağıq. Əlbəttə, Azərbaycan tərəfi hər zaman sülhün və dialoqun tərəfdarı olub. Buna görə də Zəngəzur dəhlizinin məhz danışıqlar yolu ilə açılması istiqamətində bütün imkanlarımızı səfərbər etmişik.

Lakin gedişat onu göstərir ki, Ermənistan xoşluqla bu dəhlizin açılmasını təmin etmək niyyətində deyil. Ötən müddət ərzində rəsmi İrəvanın dəfələrlə dəhliz ətrafında söz oyunu oynadığını, müxtəlif bəhanələr gətirərək dəhlizin açılması ilə bağlı öhdəliklərindən yayınmağa çalışdığını müşahidə etməkdəyik. Halbuki, hər hansı bir manipulyasiyaya gərək yoxdur, çünki 10 noyabr üçtərəfli bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR-nı birləşdirəcək yolun statusu çox aydın şəkildə təsbit olunub. Burada söhbət tam maneəsiz hərəkətin təmin olunmasından gedir ki, bunun özü eksteritoriallıq statusunu təsbit edərək həmin yolun dəhliz olduğunu deməyə əsas verir. Üstəlik, təhlükəsizliyə nəzarət edəcək tərəfin Rusiya sərhəd qüvvələri olması faktı da həmin marşrut xəttinin mahiyyət etibarilə dəhliz funksiyasını daşıdığını ortaya qoyur. Bir sözlə, Ermənistanın Zəngəzur dəhlizinin açılması ilə bağlı yersiz informasiya barrikadaları qurmaq cəhdləri rəsmi İrəvanın öhdəliklərini yerinə yetirməkdən boyun qaçırması kimi başa düşülməlidir”, - deyə politoloq bildirib.

O qeyd edib ki, Ermənistanın bu cür irrasional davranışlar sərgiləməsi məyusedici haldır, amma bu, o demək deyil ki, Zəngəzur dəhlizinin açılması onların iradəsindən asılıdır.

“Ermənistan kapitulyant olduğunu unutmamalıdır. Həm də onu unutmamalıdır ki, Prezident İlham Əliyev sözü ilə əməli üst-üstə düşən liderdir. Əgər dövlətimizin başçısı deyirsə ki, gec-tez dəhliz açılacaq, deməli, Ermənistan üçün başqa çıxış yolu yoxdur. Cənab Prezident Vətən müharibəsi günlərində olduğu kimi, Ermənistan hakimiyyətindən dəhlizin açılması ilə bağlı konkret vaxt tələb edir. Bu, çox haqlı bir yanaşmadır. Biz qarşı tərəfdən öhdəliklərini icra etməyi tələb edirik”, - deyə politoloq vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti