Bakı. Samir Əli - Trend:
Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara etiraz müraciətləri ünvanlayacaqlar.
Trend-in məlumatına görə, bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli deyib.
O bildirib ki, bir sıra beynəlxalq təşkilatların nümayəndələri manipulyativ hərəkətlərlə məşğul olaraq Azərbaycana qarşı kampaniya aparırlar. Həmin qurumlar reytinq hazırlayan təşkilatlardır və guya ki, insan haqları ilə, söz, ifadə azadlığı ilə bağlı hesabatlar düzəldirlər.
"Lakin bəzi ölkələri qərəzli şəkildə qaralamaqla məşğuldurlar, bəzi ölkələri isə haqlı olmadığı halda yüksəldib ən demokratik ölkə kimi təqdim edirlər. Bu sırada beynəlxalq QHT-lər var. Onların fəaliyyəti müəyyən mənada anlaşılandır. Çünki müəyyən məsələlərə subyektiv yanaşa bilərlər. Amma təəssüf ki, biz belə qeyri-məqbul, ikili standartlarla yanaşmanı dövlətlərarası təşkilatların fəaliyyətində də müşahidə edirik. Bu yaxında bəlli oldu ki, bəzi dövlətlərarası təşkilatların əməkdaşları təşkilat səviyyəsində olmasa da, özlərinin fərdi sosial şəbəkə hesablarında Azərbaycan dövləti, Azərbaycanın rekvizitləri haqqında aşağılayıcı ifadələr işlədirlər. Düzdür, bunlar həmin təşkilatların mövqeyi və bəyanatı səviyyəsində deyil. Amma istənilən halda qurumun əməkdaşları olduqları üçün beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaradırlar. Bu səbəbdən bizim QHT-lər təşəbbüs göstəriblər ki, həmin təşkilatlara adbaad müraciətlər göndərək. Bu gün BMT rəhbərliyinə müraciətimiz olacaq. Daha sonra isə digər təşkilatlara əməkdaşlarının neqativ davranışları ilə bağlı müraciət edəcəyik ki, bu cür ikili standartlara uyğun və yaramaz açıqlamalara aydınlıq gətirsinlər", - M.Ələsgərli deyib.