...

Brüsseldə əldə edilən razılaşmalar Azərbaycanın milli maraqlarına tam uyğundur - Sahil Kərimli

Siyasət Materials 7 Aprel 2022 14:12 (UTC +04:00)
Brüsseldə əldə edilən razılaşmalar Azərbaycanın milli maraqlarına tam uyğundur - Sahil Kərimli

Bakı. Trend:

Prezident İlham Əliyevin Brüsseldə Aİ Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşləri, aparılan danışıqlar və əldə edilən razılaşmalar Azərbaycanın növbəti uğurudur.

Bunu Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli deyib.

S.Kərimli qeyd edib ki, görüşdən sonra Aİ Şurasının Prezidentinin verdiyi bəyanatdan da görünür ki, üstünlük həmişə olduğu kimi yenə Azərbaycandadır, masadakı şərtləri Prezident İlham Əliyev müəyyən edir. Çünki Azərbaycan haqlı tərəfdir.

"Görüşün nəticəsi olaraq əldə edilən əsas razılıq Ermənistanla Azərbaycan arasında sülh danışıqları prosesinin başlamasıdır. Sözsüz ki, sülh danışıqları Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında aparılacaq. Bu təklifin əsas və ən vacib məqamı Azərbaycanın ərazi bütövlüyüdür. Bütün bunlar olduqca əhəmiyyətlidir və Azərbaycanın milli maraqlarına tam uyğundur.

Bundan başqa, sərhədlərin müəyyənləşdirilməsi, sərhədlərdə baş verən gərginliyin aradan qaldırılması və digər vacib məsələlərlə bağlı razılıq əldə olunub. Həmçinin nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi kimi məsələlər də əsas müzakirə mövzusu olacaq. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar dünyada qəbul edilir, bölgədə sülhə, təhlükəsizliyə, iqtisadi inkişafa verdiyi töhfələr yüksək qiymətləndirilir.
Əsas məqamlardan biri də budur ki, sənəddə "Dağlıq Qarabağ" ifadəsi yoxdur, ATƏT-in Minsk Qrupunun da adı çəkilmir. Görünən odur ki, Minsk Qrupu çoxdan lazımsız təsisata çevrilib.

Avropa İttifaqı çalışır ki, Ermənistanla Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan mexanizm hazırlansın. Əgər danışıqlar bu formatda davam edərsə, şübhəsiz ki, tərəflər daha yaxşı anlaşa bilər, nəticələr də müsbət olar.

Bir məqamı da xüsusi vurğulamaq istərdim ki, Avropa İttifaqı prosesə böyük töhfə verir, qərəzsizliyini qoruyub saxlayır, xüsusilə də Azərbaycana etimad göstərir. Aİ İlham Əliyevin regiondakı liderliyini qəbul edir. Əlbəttə ki, burada Aİ Şurasının Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi münasibətləri, tez-tez baş tutan təmaslar mühüm rol oynayır. Ümumiyyətlə, son aylarda dünya liderlərinin, nüfuzlu dövlət başçılarının Prezident İlham Əliyevlə telefon danışıqları, apardıqları müzakirələr Azərbaycan Prezidentinin böyük nüfuzunun göstəricisidir", - S.Kərimli vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti