...

Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan arasında münasibətlərin yeni zirvəsidir - TƏHLİL

Siyasət Materials 15 İyun 2022 15:00 (UTC +04:00)

Bakı. Trend:

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmasından artıq bir il müddət ötür. Bu sənəd iki qardaş ölkə arasında münasibətləri ən yüksək zirvəyə çatdırdı. Ötən müddət ərzində sənəd hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olundu.

Məsələ ilə bağlı Trend-in sualını cavablandıran Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, Şuşa bəyannaməsi iki qardaş ölkənin tarixində çox mühüm sənəddir.

“Dünyada qardaş xalqlar çoxdur, amma bu qardaşlığı müttəfiqlik səviyyəsinə qaldırmaq elə də asan bir məsələ deyil. Ancaq Azərbaycan və Türkiyə bu məsələdə dünya üçün bir nümunədir. Şuşa bəyannaməsi bu müttəfiqliyin və qardaşlığın bir nümunəsidir”, - deyə deputat bildirib.

S.Hüseynova vurğulayıb ki, bu gün iki qardaş ölkə arasındakı münasibətlər möhkəm təməllərə əsaslanır. “Hazırda münasibətlərimiz böyük öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” və Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə uyğun olaraq inkişaf edir. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasında əməkdaşlığın strateji yol xəritəsidir. Bu sənəd tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrini daha da sarsılmaz edir”, - deyə deputat əlavə edib.

O qeyd edib ki, Şuşa Bəyannaməsi iqtisadi əlaqələrin daha da genişlənməsinə imkan yaradır, Vətən müharibəsindən sonra bölgədə yaranmış əməkdaşlıq platformlarının, o cümlədən enerji, kommunikasiya, nəqliyyat platformalarının səmərəli və sürətli həyata keçirilməsinə böyük təkan verəcək və regionda olan bütün ölkələrin maraqlarına xidmət edəcək çünki hər bir ölkə yaradılmış bu əməkdaşlıq platformasından iqtisadi dividentlər əldə edəcəklər.

S.Hüseynova bildirib ki, iki qardaş ölkə arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir çox sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

“Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir”, - deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Cavid Osmanov isə Trend-ə açıqlamasında bildirib ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” hər iki qardaş ölkənin milli maraqlarından irəli gəlir.

Deputat vurğulayıb ki, bu tarixi sənəd iki qardaş ölkənin liderlərinin birgə yorulmaz fəaliyyətinin və böyük işinin təntənəsidir və bu sənəd eyni zamanda, iki ölkənin zəfəri kimi də qiymətləndirilə bilər. “Çünki bu sənəd iki qardaş ölkə arasında münasibətlərin ən uca zirvəsini təmin edir. Bu sənəddə bir çox məsələlər öz əksini tapıb. Birincisi, hər zaman Azərbaycan və Türkiyə qardaşlığı bütün dünyaya nünumə kimi təqdim olunurdu. Əlbəttə ki, bu sənəddən sonra bütün sahələrdə olan münasibətlər daha da dərinləşəcək və bundan sonrakı mərhələdə daha sıx əməkdaşlıq mühiti yaranacaq.

Bu bəyannamə bir çox sahələrdə daha sıx əməkdaşlığı özündə əks etdirən tarixi bir sənəddir ki, bu da tarixi Qars sənədinin yeni və daha böyük formatıdır. Burada Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları da öz əksini tapır. Sənəddə hərbi əməkdaşlıq ən vacib məqamlardan biridir və istənilən təhdidin, təcavüzün qarşısının alınması üçün birgə fəaliyyətin həyata keçirilməsi üçün hüquqi baza yaradır. Bu müttəfiqlik Azərbaycan ərazilərinə Ermənistandan səslənən iddialara son qoyur, revanşist mövqe artıq əhəmiyyətini tam itirir.

Eyni zamanda, hərbi sənaye sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Türkiyə dünya çapında hərbi sənaye sahəsində qabaqcıl ölkələrdən biridir. Bu baxımdan, gələcək ordu quruculuğumuz üçün bu cür əməkdaşlıq böyük əhəmiyyətə malikdir. Diaspora, media sahəsində əməkdaşlıqla bağlı sənəddə öz əksini tapmış məqamlar Türkiyə və Azərbaycan qardaşlığının reallıqlarının bütün dünyaya çatdırılması, dünyada təbliğ olunması və milli mənafeyimizin müdafiə olunması baxımından olduqca böyük əhəmiyyətə malikdir. İqtisadi baxımdan da sənəddə əksini tapmış məqamlar iki qardaş ölkə arasında mövcud potensialın daha səmərəli faydalanmağa imkan verəcək. Ümumilikdə, bu sənəd iki qardaş ölkənin gələcək əməkdaşlığı üçün geniş imkanlar açır”, - deyə deputat əlavə edib.

Xəbər lenti

Xəbər lenti