...

Tikinti şirkətlərimiz Qarabağdakı bərpa işlərində iştirak etməyə hazırdır - Albaniya Prezidenti (MÜSAHİBƏ) (FOTO/VİDEO)

Siyasət Materials 17 İyun 2022 10:27 (UTC +04:00)
Tikinti şirkətlərimiz Qarabağdakı bərpa işlərində iştirak etməyə hazırdır - Albaniya Prezidenti (MÜSAHİBƏ) (FOTO/VİDEO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Albaniyanın tikinti şirkətləri Qarabağda aparılan bərpa işlərində iştirak etməyə hazırdır.

Bunu Trend-ə özəl müsahibəsində Albaniyanın prezidenti İlir Meta söyləyib.

Onun sözlərinə görə, iki ölkə enerji sektorunda çox fəal əməkdaşlıq edir.

"Albaniya ilə Azərbaycan arasında əlaqələr inkişaf edir. Bununla belə, ticarət və ya turizm kimi digər sahələrdə də əlaqələrimizi təşviq etmək son dərəcə vacibdir. Mədəni və təhsil səviyyəsində əməkdaşlığın davam etdirilməsi də mühümdür", - döblət başçısı bildirib.

Albaniyalı lider Azərbaycan ilə enerji sahəsində əməkdaşlıqdan ətraflı danışıb.

"Ümid edirik ki, Trans-Adriatik Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti gələcəkdə ikiqat artacaq. Bu, Avropanın enerji təhlükəsizliyinin artırılmasına töhfə verir. Biz təkcə tranzit ölkə olmaq deyil, həm də Azərbaycandan Albaniyaya daha çox investisiya cəlb etmək məqsədilə layihədən faydalanmaq üçün əlimizdən gələni edirik. TAP əsasında İon-Adriatik boru kəməri də çox mühüm layihədir. Biz əminik ki, bu layihə Qərbi Balkanların bütün ölkələrinin xeyrinə enerji təchizatını artıracaq”, - İ.Meta bildirib.

Prezidentin sözlərinə görə, Azərbaycan və Albaniya investisiya baxımından öz potensialından tam istifadə etmir.

"Azərbaycan iqtisadiyyatın bütün sahələrində böyük potensiala malikdir. İndi xüsusilə turizm sektorunda ən cəlbedici istiqamətlərdən birinə çevrilən Albaniyaya sərmayə qoymağa başlamağın vaxtıdır", - o, vurğulayıb.

Dövlət başçısı həmçinin qeyd edib ki, Albaniya Qarabağda aparılan yenidənqurma işlərinə töhfə verməkdə çox maraqlıdır. Onun sözlərinə görə, bu gün Albaniyanın tikinti şirkətləri Qarabağda aparılan bərpa işlərində iştirak etməyə hazırdır. Albaniya həmçinin minalardan təmizləmə fəaliyyəti çərçivəsində mütəxəssislər təqdim etməklə Azərbaycana kömək edə bilər.

"Biz görürük ki, Azərbaycan rəhbərliyi Qarabağın indiyə qədər görünməmiş iqtisadi inkişaf nümunəsinə və regionda sülhün bərpasının simvoluna çevrilməsinə tam sadiqdir", - İ.Meta bildirib.

O, həmçinin IX Qlobal Bakı Forumunun dünya gündəmində olan məsələlərin müzakirəsi və həllində rolunu yüksək qiymətləndirib.

"Dünya liderlərinin bu forumda iştirakı onu göstərir ki, o, getdikcə daha çox əhəmiyyət kəsb edir, beynəlxalq problemlərin və qlobal gündəmdəki ən mühüm məsələlərin həlli üçün çox möhkəm platformaya çevriləcək.

Açılış mərasimi forumun əhəmiyyətini nümayiş etdirdi. Beynəlxalq liderlərdən və Qlobal Bakı Forumunda qərar qəbul edənlərdən gələn müxtəlif müzakirələr, ideya və təkliflər dünyanın hazırda üzləşdiyi əsas problemlərin həllinə öz töhfəsini verəcək", - dövlət başçısı bildirib.

Albaniyalı lider əlavə edib ki, ölkəsi əsasən iki məsələyə diqqət yetirir: Rusiya-Ukrayna münaqişəsinin nəticələri, qlobal və Avropa səviyyəsində təhlükəsizlik vəziyyəti, eləcə də iqtisadi vəziyyət, bazar qiymətləri, yoxsulluq və qütbləşmə problemləri.

"Rusiya və Ukraynanın payına dünya buğda tədarükünün üçdə biri düşdüyündən, ərzaq təhlükəsizliyinin olmaması da narahatlıq doğurur. Ərzaq böhranının qarşısını almaq üçün həll yollarını tapmaq çox vacibdir. BMT və onun təsisatlarının rəhbərliyi altında bu böhranla mübarizə aparmaq üçün bir yol tapılmalıdır", - İ. Meta vurğulayıb.

Prezidentin toxunduğu digər mühüm məsələ COVID-19 pandemiyası olub.

"Pandemiya ilə mübarizədə qalib gəldiyimizi deyə bilmərik. Digər viruslar və variantların ortaya çıxa biləcəyi bir vaxtda bir çox ölkələr, məsələn, Afrika qitəsində yerləşən dövlətlər, peyvənd nisbətlərində hələ də geri qalır. Bu, qlobal və lazımi səviyyədə həll edilməlidir. Bu gün biz başa düşürük ki, bu sektora investisiyaları artırmaqla əhalinin sağlamlığına daha çox diqqət yetirmək lazımdır", - Albaniya prezidenti bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti