...

Azərbaycan tərəfindən təklif edilən yeni imkanların qəbul olunması Ermənistan üçün yeganə şansdır - RƏY

Siyasət Materials 16 İyul 2022 15:01 (UTC +04:00)
Azərbaycan tərəfindən təklif edilən yeni imkanların qəbul olunması Ermənistan üçün yeganə şansdır - RƏY
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə son dərəcə konseptual bir nitq söyləməklə həm daxili auditoriyanı, həm də beynəlxalq ictimaiyyəti maraqlandıran məqamlara aydınlıq gətirdi. Cənab Prezidentin çıxışında Ermənistan hakimiyyətinə və regionda maraqları olan ölkələrə ünvanlanmış mesajlar da çoxluq təşkil edirdi.

Bunu Trend-in sualına cavabında politoloq Ceyhun Əhmədli bildirib.

O qeyd edib ki, hər şeydən əvvəl xarici siyasət uğurlarımıza toxunan dövlətimizin başçısı haqlı olaraq bildirdi ki, ölkəmizin beynəlxalq mövqeləri xeyli möhkəmlənib.

“Azərbaycan ötən 6 ay ərzində həm ikitərəfli, həm də çoxtərəfli platformalarda fəal iştirak edib, Türk dövlətləri ilə əlaqələrini yeni bir müstəviyə qaldırıb, həmçinin, təmsil olunduğu təşkilatlarda fəallığını artırıb və bir sıra mühüm beynəlxalq təşəbbüslərlə çıxış edib. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Gənclər Platformasının formalaşdırılması bunun real nümunəsidir. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin azad olunmuş torpaqlarımıza səfərini də diplomatik qələbəmiz kimi səciyyələndirə bilərik. Bu səfər erməni vandallığının real nümunələrinin bütün İslam dünyasına təqdimatı baxımından çox önəmli idi”, - deyə politoloq vurğulayıb.

C.Əhmədli, eyni zamanda, qeyd edib ki, Azərbaycan dövləti ötən 6 ay ərzində 44 günlük Vətən müharibəsinin nəticələrinin beynəlxalq miqyasda legitimləşdirilməsi istiqamətində ardıcıl və səmərəli fəaliyyət həyata keçirib.

“Həm Moskvanın, həm də Brüsselin təşəbbüsü ilə keçirilən müzakirələrdə Azərbaycanın diqtə etdiyi şərtlər masa üzərində olub. Ölkəmiz müharibə dövründə olduğu kimi, sülh quruculuğu mərhələsində də özünün güc möqeyindən çıxış edərək diplomatik qələbələrini sıralamaqdadır. Avropa İttifaqı, Rusiya və bir sıra digər güc mərkəzlərinin postmünaqişə reallıqlarını tanıması bunun əyani təzahürüdür. Ölkəmizin elan etdiyi 5 prinsipin Ermənistan hakimiyyəti tərəfindən qəbul edilməsi bir daha göstərdi ki, sülh gündəliyinin fundamental əsaslarını biz müəyyən edirik. Sözsüz ki, rəsmi İrəvan bu şərtləri xoşluqla qəbul etmədi. Azərbaycanın reallaşdırığı strateji diplomatiya, belə demək mümkündürsə, Ermənistanı küncə sıxışdırdı, onun diplomatik manevr imkanlarını tamamilə tükəndirdi və nəticədə ölkəmizin şərtlərini qəbul etməyə məcbur etdi”, – deyə o bildirib.

Trend-in suallarını cavablandırarkən politoloq İlyas Hüseynov isə qeyd edib ki, Prezident İlham Əliyev 6 ayın yekunlarına dair keçirilən müşavirədə mühüm sosial, iqtisadi və siyasi məsələlərə toxundu.

"Nəzərə almaq lazımdır ki, qlobal inflyasiya fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlılığını təmin etmək, çoxşaxəli inkişafı stimullaşdırmaq əsas prioritetdir. Bu xüsusda, sosial siyasətə diqqətin ayrılması iqtisadi inkişafı müəyyən edən prioritetləri daha da genişləndirmək öz aktuallığı ilə seçilir. İşğaldan azad olunan ərazilərdə avtomobil yolunun, dəmiryolu xətlərinin, beynəlxalq statuslu hava limanlarının inşası regionun sürətli inkişafına yönəlib. Ölkəmizin iqtisadi sahədə yol xəritəsinin olması da qeyd edilməlidir. Bu gün dünyada bir sıra kənd təsərrüfatı məhsullarında çatışmazlıq, logistika problemləri mövcuddur. Azərbaycan bu tədarük zəncirində olan qırılmalar səbəbindən əziyyət çəkə bilər. Bu baxımdan, məhz kənd təsərrüfatına diqqətin ayrılması mühüm amildir və bu xüsusda Prezident İlham Əliyevin taxıl istehsalı istiqamətində vacib tövsiyələri qeyd olunmalıdır. Eyni zamanda, 6 aylıq müşavirədə qoyulan hədəflərə çatmaq istiqamətində bir sıra təşəbbüslər icra olunmalıdır. Bu hədəflərə çatmaq üçün Azərbaycanın çox yaxşı potensialı var", - deyə İ.Hüseynov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti