Bakı. Trend:
Artıq bir neçə aydır ki, Ermənistan Azərbaycanla sərhəddə, xüsusilə də Azərbaycanın Kəlbəcər və Laçın rayonları istiqamətində davamlı təxribatlar törətməklə regiondakı vəziyyəti destabilizə etməyə, qarşıdurma yaratmaqla bölgədənkənar qüvvələrin regional proseslərə müdaxiləsinə zəmin yaratmağa, üzərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışır. Mövcud şərait bir daha sübuta yetirir ki, Ermənistanın davamlı təxribatlarının qarşısının alınması üçün Azərbaycan sərhədinin yaxınlığında təhlükəsiz bölgənin yaradılması ölkəmizin ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının və təhlükəsizliyinin təmin edilməsi üçün yeganə çıxış yoludur.
Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O bildirib ki, ötən bir neçə ay ərzində Azərbaycan silahlı qüvvələrinin hərbi birləşmələrinin sayıqlığı və yüksək peşəkarlığı sayəsində Ermənistanın kəşfiyyat-diversiya qruplarının ölkəmizin ərazilərinə sızma, hərbi və mülki infrastruktura zərər vurma cəhdlərinin qarşısı alınıb, oxşar halların baş verməməsi üçün önləyici tədbirlər həyata keçirilib.
“Son bir neçə gün ərzində Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətindən genişmiqyaslı hərbi əməliyyatlara hazırlıq görməsi, bu məqsədlə sərhəd bölgəsinə hücum təyinatlı silahlar, artilleriya vasitələri və şəxsi heyət cəmləşdirilməsi istiqamətində intensiv əməliyyatların həyata keçirildiyi müşahidə olunub.
Kapitulyasiyaya uğramasına baxmayaraq, son vaxtlar hərbi ritorikasının daha da gücləndirən Ermənistan Azərbaycanın atdığı humanist addımların qarşılığında nəinki adekvat mövqe sərgiləməyib, əksinə, Azərbaycan silahlı qüvvələrinin təminat yollarının minalanmasına cəhd göstərib. Baş verənlər, həmçinin Ermənistan silahlı qüvvələrinin atəşəkəsi mütəmadi olaraq pozması, mülki və hərbi infrastruktura zərər yetirilməsi, azad edilmiş ərazilərdə quruculuq-bərpa işləri ilə məşğul olan mülki vətəndaşların, eləcə də Azərbaycan hərbçilərinin həyatlarına təhlükə yaratmaq cəhdləri rəsmi İrəvanın 44 günlük müharibənin dərslərindən nəticə çıxarmadığını, millitarist siyasətdən əl çəkmək niyyətində olmadığını nümayiş etdirir”, - deyə E.Mirzəbəyli bildirib.
O qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 ilə yaxın zaman kəsiyində sərgilədiyi təxribat xarakterli manipulyativ, pozucu davranışlarını davam etdirmək, əldə olunan razılaşmalardan yayınmaq üçün davamlı təxribatlara əl atmaq siyasəti yürüdür.
“Belə olduğu təqdirdə, BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan qeyd-şərtsiz azad edilməsi ilə bağlı qətnamələrinin icrasını öz üzərinə götürərək, 30 ilə yaxın davam edən təcavüzə son qoyan Azərbaycanın 10 noyabr 2020-ci il bəyanatının və digər üçtərəfli sənəd və razılaşmaların yerinə yetirilməsi üçün millitarist ölkəni sülhə məcbur etməkdən başqa seçimi qalmır. İndiki şəraitdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal əməliyyatlar Ermənistanın təxribatlarının, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə olan təhdidlərin qarşısının alınmasına xidmət edən zəruri tədbirlər kimi qiymətləndirilməlidir.
Yaranmış vəziyyət bir daha sübuta yetirir ki, Azərbaycanın Dəmir Yumruğu daim Ermənistanın başı üzərində dayanmalı, təkcə Azərbaycan xalıqının deyil, bütün bölgə xalqlarının sabir və təhlükəsiz şəraitdə yaşamaq haqqına qarşı yönəlmiş təhdidlərin qarşısını ən sərt formada almalıdır. Ermənistan və onun hərbi-siyasi rəhbərliyi, eləcə də bu ölkənin ultramillətçi, revanşçı qüvvələri sülhə, əminamanlığa, dinc birgəyaşayışa xidmət edən dialoq mühitinə hazır deyillər, yaxud bəşəriyyətin tərəqqipərvər, sivil hissəsi kimi düşünməyi bacarmır, qəbilə təfəkkürü ilə yaşayırlar.
Ermənistan sülhə məcbur edilməlidir. 44 günlük müharibədən ötən 2 ilə yaxın müddət də sübuta yetirdi ki, bölgədə ayrı-ayrı maraqların ultramillətçi ideologiya üzərindən ifadəçisi olan Ermənistan məcburiyyətdən başqa “dil” tanımır””, - deyə siyasi şərhçi əlavə edib.