...

Vətən müharibəsinin azyaşlı qurbanlarının xatirəsi Mexikoda anılıb (FOTO)

Siyasət Materials 1 Noyabr 2022 08:01 (UTC +04:00)
Vətən müharibəsinin azyaşlı qurbanlarının xatirəsi Mexikoda anılıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanın Meksikadakı səfirliyi bu ölkənin ən əlamətdar milli günlərindən sayılan, Meksika adət-ənənələrini özündə əks etdirən və vəfat etmiş insanları yad etmək üçün qeyd edilən Xatirə Günü (Día de Muertos) münasibətilə Mexiko Şəhər hökumətinin və Mexiko Şəhər Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə başladılmış tədbirlərdə iştirak edib.

Azərbaycanın Meksikadakı səfirliyindən Trend-ə bildiriblər ki, bu münasibətlə səfirlik ərazisində qədim Meksika ənənələrinə uyğun olaraq yaradılmış xatirə guşəsi 44 günlük Vətən müharibəsinin azyaşlı qurbanlarına həsr olunub.

Erməni təcavüzkarları tərəfindən Azərbaycan şəhərlərinin bombalanması nəticəsində şəhid olmuş uşaqların xatirə guşəsi həm Azərbaycan, həm də Meksika mədəniyyətinə xas özəllikləri özündə ehtiva edib, bu xüsusda Xatirə Günü ilə bağlı yerli Meksika adətləri ilə yanaşı, xalqımıza məxsus milli ornamentlərdən istifadə olunub, habelə qonaqlara milli anım adətlərimizə uyğun olaraq halva paylanılıb.

Mexiko şəhər hökumətinin rəsmiləri, KİV təmsilçiləri, QHT-lər, gənclər təşkilatları və şəhər sakinlərinin iştirakı ilə baş tutmuş tədbirdə multikultural və çoxkonfessiyalı ölkə olaraq Azərbaycanın qədim Meksika adət-ənənələrinə hörmətlə yanaşdığı qeyd olunub və qonaqlara xatirə guşəsinin həsr olunduğu azyaşlı soydaşlarımızdan, onların erməni terroru nəticəsində yarımçıq qalan həyat hekayələri, ürəklərində qalmış arzularından bəhs edilib.

Tədbirdə iştirak edən Mexiko Şəhər hökumətinin rəsmiləri ölkəmizin Meksika adət-ənənələrinə hörmət və həssaslıqla yanaşmasını yüksək qiymətləndirərək hər iki ölkə xalqlarının bir-birilərinin qədim adət-ənənələrini öyrənməsinin ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin möhkəmləndirilməsinə yardım edəcəyinə inandıqlarını qeyd ediblər.

Xatirə guşəsi gün ərzində ziyarətçilər üçün açıq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti