...

Prezidentin köməkçisi Məhərrəm Əliyev Naxçıvana səfər edib (FOTO)

Siyasət Materials 1 Noyabr 2022 16:29 (UTC +04:00)
Prezidentin köməkçisi Məhərrəm Əliyev Naxçıvana səfər edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib.

Trend xəbər verir ki, Məhərrəm Əliyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək abidənin önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib. Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla keçirilmiş görüşdə Muxtar Respublikada daimi dislokasiya olunmuş ordu, birləşmə və hərbi hissələrin maddi-texniki təminatı, şəxsi heyətin peşəkarlığının artırılması, xidməti-döyüş və məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş fikir mübadiləsi aparılıb.

Əlahiddə Ümumqoşun Ordusu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Əlahiddə Naxçıvan Briqadası, Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, qoşun və birləşmə rəhbərlərinin iştirakı ilə xidməti müşavirə keçirilib və məruzələr dinlənilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tələb və tövsiyələrinə uyğun olaraq Silahlı Qüvvələrin döyüş qabiliyyətinin gücləndirilməsi, daha effektiv silah və döyüş texnikaları ilə təminatı, hərbi qurumlar arasında qarşılıqlı əlaqələrin daha da təkmilləşdirilməsi, beynəlxalq təlimlərdə iştirakın təmin olunması, hərbi qulluqçuların hüquqlarının müdafiəsi və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində qarşıda duran tapşırıqlar diqqətə çatdırılıb.

Səfər çərçivəsində dövlət sərhədinə, qərargah binalarına, əsgər yataqxanalarına, tibb məntəqələri və digər hərbi obyektlərə, həmçinin bölmələrin silahlanmasında olan zirehli döyüş texnikasına, aviasiya eskadrilyasına və hərbi təyinatlı vasitələrə baxış və hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçirilib. Xidmətdə fərqlənən hərbi qulluqçulara növbəti rütbələr verilmiş və hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti