Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin Ermənistanla Azərbaycan arasındakı münaqişədə aktiv fəaliyyət göstərməsi məsələsini qaldırır ki, KTMT Ermənistanın tərəfində olsun. Amma Ermənistandan başqa, bütün KTMT ölkələri tamamilə bunun əleyhinədir, onlar Azərbaycanı dost ölkə hesab edirlər.
Bunu bu gün Trend-ə Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.
"Etiraf etmək lazımdır ki, çoxları Ermənistanı və Paşinyanın özünü ona görə bəyənmir ki, o, amerikalılarla, Avropa İttifaqı ilə oyunlar aparır və hər an xəyanət edə bilər", - deyə o bildirib.
S.Markov hesab edir ki, Rusiya prezidenti Vladimir Putinlə danışıqlar zamanı Paşinyan, görünür, məsələni daha sərt şəkildə qaldıracaq ki, Rusiya Ermənistana daha çox kömək etməsə, Ermənistan sürətlə Fransa və ABŞ-yə doğru addımlayacaq.
Onun sözlərinə görə, böyük ehtimalla KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclası çətin keçsə də, V.Putin və N.Paşinyan arasında danışıqlar taleyüklü ola bilər və bütövlükdə vəziyyətin inkişafına təsir edə biləcək çox mühüm qərarlar qəbul edilə bilər.
"Təbii ki, Putinlə Paşinyan görüşündə sülh yolu ilə nizamlanmanın konkret problemləri də müzakirə olunacaq. Bunlar Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, Ermənistanın Azərbaycanın, o cümlədən Qarabağın sərhədlərini tanıması kimi məsələlərdir. İkinci istiqamət Zəngəzur nəqliyyat dəhlizidir ki, onun icrası hələ də Ermənistanın ucbatından ləngiyir. Rusiyanın Zəngəzur nəqliyyat dəhlizi üzrə mövqeyi Azərbaycanın mövqeyinə daha yaxındır. Başqa bir məsələ sərhədlərin demarkasiyası və delimitasiyası mövzusudur, burada da xoşməramlı və texniki həllər lazımdır, çünki bir qayda olaraq, sərhədlərin demarkasiyası və delimitasiyası o zaman baş verir ki, orada həll yollarını, hər bir konkret halda kompromislər tapan və yaxşı işləyən işçi qrupu var", - S.Markov yekunlaşdırıb.