Bakı. Trend:
Dünya Xocalı soyrıqımını tanımalıdır ki, bu cür faciələr bir də heç yerdə təkrarlanmasın.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov vb.kg xəbər saytına deyib.
"1 mart 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev xüsusi fərman verdi. Milli Məclisin qətnaməsi ilə 26 fevral Xocalı Soyrıqımı və Milli matəm günü elan edilib", - o deyib.
Səfirin sözlərinə görə, erməni silahlı qüvvələri Xocalı şəhərinə basqın edərək dinc əhaliyə amansız divan tutublar. Şəhərə hücumdan əvvəl silahlardan və ağır hərbi texnikadan kütləvi artilleriya atəşi açılıb. Təqribən 2500 nəfər öz evlərini tərk etmək məcburiyyətində qalıb. Təəssüf ki, hamı xilas ola bilməyib. Silahlı hücumun nəticələri faciəvi oldu: 613 nəfər, o cümlədən uşaqlar, qadınlar və yaşlılar qətlə yetirildi, 150 nəfər itkin düşdü, 8 ailə tamamilə məhv edildi, 487 nəfər şikəst oldu, 1275 nəfər əsir götürüldü, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirdi.
Səfirin qeyd etdiyi kimi, ermənilərin və onların cinayət ortaqlarının əməlləri insan hüquqlarının kobud pozuntusu olmaqla, beynəlxalq hüquq, Cenevrə konvensiyası, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, habelə Uşaq Hüquqları Bəyannaməsi, Fövqəladə hallarda və silahlı münaqişələr dövründə qadınların və uşaqların müdafiəsi haqqında Bəyannamə və digər beynəlxalq hüquq aktlarına qarşı həyasızcasına etinasızlıqdır.
"Heydər Əliyev Fondu tərəfindən dünyanın bir çox şəhərlərində, beynəlxalq təşkilatların ofislərində və xüsusən BMT-nin Cenevrə ofisinin qərargahında hər il "Xocalı üçün Ədalət!" aksiyası keçirilir", - Lətif Qəndilov deyib.
"Xocalı hadisələrinin 31-ci ildönümündə Azərbaycan xalqı bir daha ümidlə və inamla üzünü beynəlxalq təşkilatlara, dünya xalqlarına və dövlətlərinə tutaraq onları haqqı və ədaləti müdafiə etməyə, bu dəhşətli cinayəti qınamağa və onun təşkilatçılarını, təqsirkarlarını və icraçılarını məsuliyyətə cəlb etməyə çağırır. Bu cinayətdə bu və ya digər şəkildə əli olanlar hələ ki, yalnız öz vicdanları qarşısında cavabdehdirlər, lakin gün gələcək onlar hər şeyə görə tarix məhkəməsi qarşısında cavab verəcəklər. Dünyadakı hadisələrin inkişafı bu gün susmağa haqqımız olmadığını göstərir. Dünya Xocalı soyrıqımını tanımalıdır ki, bu cür faciələr bir də heç yerdə təkrarlanmasın", - Azərbaycan səfiri deyib.