...

Ermənilərin Xocalıda törətdiyi vəhşiliklərin insan tərəfindən edilə biləcəyinə inanmaq çox çətindir - Afət Həsənova

Siyasət Materials 26 Fevral 2023 09:00 (UTC +04:00)
Ermənilərin Xocalıda törətdiyi vəhşiliklərin insan tərəfindən edilə biləcəyinə inanmaq çox çətindir - Afət Həsənova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənilər son 200 ildə xalqımıza qarşı dəhşətli, insanlığa sığmayan qəddarlıqla soyqırımlar, qətliamlar və terror aktları törədib, on minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetiriblər. Ermənilər elə vəhşiliklər törədiblər ki, bunun insan tərəfindən edilə biləcəyinə inanmaq belə çox çətindir. Ermənilərin Azərbaycan xalqının başına gətirdiyi ən dəhşətli faciələrdən biri də 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, həmin gün qarlı-şaxtalı bir gecədə insanlığını itirmiş, vəhşiləşmiş erməni silahlı birləşmələri günahsız, əliyalın insanlarımızın üzərinə hücum çəkərək tarixin ən qanlı cinayətlərindən birini törətdi, dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.

“Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olundu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürüldü”, - deyə deputat bildirib.

O qeyd edib ki, Xocalı soyqırımının qurbanlarının günahı yalnız azərbaycanlı olmaq idi.

“Vəhşiləşmiş erməni hərbi birləşmələri həmvətənlərimizi milli mənsubiyyətinə görə qəddarlıqla, amansızlıqla qətlə yetirdilər. Düşmən o qədər vəhşiləşmişdi ki, gözünə nə uşaq, nə qadın, nə qoca görünürdü, qarşısına çıxan hər kəsi qəddarlıqla qətlə yetirirdi. Xocalı zamanı ermənilərin törətdiyi vəhşiliklər heç bir çərçivəyə sığmır, bəşəriyyət tarixinin ən qanlı və ən qəddar cinayətlərindən biridir”, - deyə deputat əlavə edib.

A.Həsənova bildirib ki, ermənilərin bu vəhşiliyinin adı yoxdur. “Vətən müharibəsi dövründə də mənfur düşmən yenə öz çirkin ənənəsini davam etdirərək əhalini məhz gecə yarısı atəşə tututdu. Qaniçən düşmən Xocalı soyqırımını da məhz gecə yarısı törətmişdi və eyni ssenari ilə həmin gün də xalqımıza qarşı soyqırım siyasətini davam etdirdi”, - deyə deputat əlavə edib.

A.Həsənova vurğulayıb ki, Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınıb və faciəyə beynəlxalq siyasi qiymət verilib.

“Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir. Biz hər birimiz xalqımıza qarşı törədilən bu amansız soyqırımın dünyada tanıdılması, soyqırım cinayətkarlarının öz cəzasına çatması istiqamətində əlimizdən gələni etməliyik”, - deyə A.Həsənova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti