...

Novruz Azərbaycan xalqının həyatında və mədəniyyətində mühüm yer tutur - Rauf Əliyev

Siyasət Materials 18 Mart 2023 17:02 (UTC +04:00)
Novruz Azərbaycan xalqının həyatında və mədəniyyətində mühüm yer tutur - Rauf Əliyev

Bakı. Trend:

Novruz Azərbaycan xalqının həyatında və mədəniyyətində mühüm yer tutur. Zəngin tarixə, adət-ənənələrə malik olan Azərbaycan xalqı daim öz tarixi kökləri, millli-mənəvi dəyərləri ilə fəxr etmişdir. Qədim tarixə malik olan Novruz bayramı xalqımız tərəfindən hər il dövlət səviyyəsində ümumxalq bayramı kimi böyük təntənə ilə qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Novruz Bayramı münasibətilə Azərbaycan xalqına təbrikində daim bu məqam qeyd edilir ki, milli varlıq və məniviyyat xəzinəsi olan Novruz bayramı müdrik əcdadlarımızın bugünkü nəsillərə misilsiz yadigarıdır. 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımız Novruza həsrət qalmışdı.

Torpaqlarımızın işğaldan azad olunacağına tam əmin olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hələ 1998-ci ildə çıxışlarının birində qeyd etmişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada,o biri il Laçında,o biri il Kəlbəcərdə, Ağdamda, Fizulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, qəhrəmanlığı, xalqımızın birliyi,həmrəyliyi sayəsində Ümummilli Liderin vəsiyyəti və Azərbaycan xalqının arzuları reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində tarixi Zəfər qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb ƏmirliklərininAbu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı, bütün Şərqdə qeyd olunur.

23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. Hər il Novruz bayramı günlərində bütün ölkə ərazisində xalqı birləşdirən bayram şənlikləri keçirilir. Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – çövkən oyunu keçirilir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir. Həmin gün nəhəng qalanın yüksəkliyini nəhəng səməni bəzəyir, gözəl Bahar qızı Qız qalasında təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 mart 2021-ci il tarixində Şuşada Cıdır düzündə Novruz Bayramı münasibətilə Azərbaycan xalqına təbrikində demişdir “Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır... Bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik... Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik”.

Novruz bayramının ölkəmizdə bu gün də yüksək səviyyədə qeyd olunması Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir.

Milli Məclisin deputatı,
Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti