Bakı. Trend:
"2022-ci il qlobal siyasi gərginlik və Rusiya-Ukrayna münaqişəsi şəraitində dünya iqtisadiyyatında qeyri-müəyyənliklərin, çətinliklərin yaşandığı, qlobal iqtisadi proseslərin ölkəmizin iqtisadiyyatına çoxşaxəli təsir etdiyi bir il olub. Buna baxmayaraq, Azərbaycanın uğurlu daxili və xarici siyasəti nəticəsində istər təhsil, istər sosial müdafiə, istərsə də gənclərlə iş sahəsində mütərəqqi işlər görülüb".
Milli Məclisin deputatı Könül Nurullayeva mətbuata
açıqlamasında Nazirlər Kabinetinin 2022-ci il üzrə hesabatı ilə
bağlı fikirlərini bölüşərkən belə deyib. Deputat hesab edir ki, elm
və təhsil sahəsində idarəetmənin və təhsil qanunvericiliyinin
təkmilləşdirilməsi istiqamətində uğurlu tədbirlər həyata keçirilib.
O, şagirdlərin dərsliklərlə yanaşı təhsil proqramı ilə sıx bağlı
olan nəşrlərlə ödənişsiz təmin edilməsini təklif edir.
Deputat həmçinin dövlət tərəfindən şəhid ailələrinə, müharibə ilə
əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən
edilmiş şəxslərə vahid məkandan xidmətlərin göstərilməsi ilə
əlaqədar Vahid əlaqələndirmə mərkəzlərinin (VƏM) yaradılmasını
yüksək qiymətləndirir: “Sosial müdafiəyə daha çox vəsaitin
ayrılması əhalinin sosial rifahının daha da yüksəldilməsinə və
mövcud problemlərin qısa zamanda aradan qaldırılmasına təkan
verir”.
Hər il olduğu kimi 2022-ci ildə də dövlət tərəfindən
gənclərə yüksək diqqət və qayğı göstərildiyini bildirən
K.Nurullayeva gənclərin hərbi qulluğa marağının artırılması və
hərbi hazırlığının təmin olunması məqsədilə hərbi hazırlıq
kurslarının yaradılması, bununla bağlı təlimlərin keçirilməsini
təklif edir.
Deputat həmçinin Nizami rayonu üzrə həlli vacib olan
sosial-iqtisadi məsələlərə də toxunub. Bildirib ki,
Keşlə qəsəbəsində yaşayan sakinləri narahat edən, uzun illər
müxtəlif səbəblərdən həll edilməmiş əsas problemlərdən biri də,
Keşlə qəsəbəsindən keçən Babək prospekti ilə H.Əliyev prospektini
birləşdirən M.Ə.Sabir küçəsinin yenidən qurulması və
genişləndirilməsidir. Deputat 2023-cü ilin dövlət investisiya
xərcləri çərçivəsində Babək prospekti ilə H.Əliyev prospektini
birləşdirən M.Ə.Sabir küçəsinin yenidən qurulması, eyni zamanda
vətəndaşların kollektiv müraciətini nəzərə alaraq vaxtı ilə mövcud
olmuş Sənaye Tikinti Nazirliyinin 4 saylı Tikinti trestinə məxsus,
E.Süleymanov küçəsi 137 və 139 saylı binaların tamamlanaraq başa
çatdırılması, həmçinin, Nizami rayonu Keşlə qəsəbəsi, 250-dən çox
ailənin yaşadığı Pəhlivan Fərzəliyev, Mətləb Ağayev küçələrinə
kanalizasiya xəttinin çəkilməsi üçün aidiyyatı qurumlara müvafiq
maliyyə vəsaitinin ayrılacağına ümid edir.
K.Nurullayeva həmçinin Nizami rayon sakinlərini
narahat edən istilik probleminə də toxunub: “Nizami rayonunda
yerləşən binalarda istilik sisteminin bərpa olunması üçün
“Azəristiliktəchizat” ASC-yə son illlər ərzində müxtəlif vaxtlarda
dəfələrlə müraciətlər edilib. Hər dəfə maliyə təminatının olmaması
səbəbindən təmir-bərpa işlərinin növbəti investisiya proqramında
nəzərə alınacağı bildirilib. Lakin növbəti investisiya proqramının
zamanı haqda heç bir məlumat verilmir.”
Deputat bu problemin həllinin də növbəti investisiya proqramında
nəzərə alınacağına ümid edir.