...

Azərbaycanın son 20 ildə keçdiyi inkişaf yolunu dünyada çox az ölkələr keçə bilib

Siyasət Materials 10 May 2023 20:53 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi siyasət son 20 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Azərbaycanın son 20 ildə keçdiyi inkişaf yolunu dünyada çox az ölkələr keçə bilib. Beləki, 20 il əvvəl iqtisadiyyatın təməlləri qoyulmuşdusa, sonrakı dövürdə sıçrayışlı inkişaf baş verib.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, neft strategiyasının, 29 il əvvəl imzalanmış “Əsrin müqaviləsi”nin uğurla davam etdirilməsi bu gün istehsal olunan mənfəət neftinin 75%-nin Azərbaycana gəlməsinə yol açıb.

“Bu illər ərzində neft sektoru ilə yanaşı ölkəmizin qeyri-neft sektoru da inkişaf etdirilərək ümumilikdə çox yüksək göstəricilərə nail olmağımıza yol açıb. Beləki, son 20 ildə ölkəmizin iqtisadiyyatı 3 dəfə artıb. Azərbaycanın valyuta ehtiyatları 65 milyard dollara çatıb, xarici dövlət borcumuz 6 milyard dollara enməklə valyuta ehtiyatlarımızdan 10 dəfə azalıb. Bu da istənilən zaman xarici dövlət borcumuzu sıfırlamağa imkan verir.

20 il əvvəl Azərbaycan müəyyən layihələrin icra edilməsində xarici borclanmaya gedirdisə, bu gün ölkəmizin özü başqa ölkələrə investisiyalar yatırır və öz gücü hesabına meqa layihələr icra edir. Amma bu gün dünyanın inkişaf etmiş və özünü böyük güc kimi təqdim edən ölkələr borclamaya gedir və bu ölkələrin xarici dövlət borcu günü-gündən artmaqdadır.

Qeyd etmək istəyirəm ki, bu gün çox az ölkələr var ki, valyuta ehtiyatları xarici dövlət borcunu üstələsin. Azərbaycanın iqtisadiyyatı uğurlu göstəricilərinə görə barmaqla sayılacaq az ölkələrin önündə gedir. İqtisadi cəhətdən heç kimdən asıllı olmamağımız siyasi cəhətdən də sözümüzün gücünü artırır və müstəqil siyasətimizi davam etdirərək inamla irəli getməyimizə imkan verir.

Əgər iqtisadi cəhətdən gücümüz olmasaydı, ordumuzu müasirləşdirə və torpaqlarımızı işğaldan azad edə bilməzdik. Hansısa mənbələrdən iqtisadi cəhətdən asıllı olsaydıq, o dairələrin təsiri altında olardıq və müstəqil şəkildə öz işimizi icra edə bilməzdik”, - deyə deputat əlavə edib.

O bildirib ki, son 20 ildə iqtisadiyyatımızın güclü olması sosial siyasəti də davamlı etməyimizə imkan verib.

“Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımların əhatə dairəsi günü-gündən genişlənməkdədir. Son 20 ildə əmək haqları, pensiyalar və müavinətllər dəfələrlə artırılmışdır. Pandemiya dövründə əhalinin sosial vəziyyətinin pisləşməsinin qarşısını almaq məqsədilə sosial paketlər icra olundu. Son 20 ildə keçmiş məcburi köçkünlər və qaçqınlar üçün 300 mindən çox mənzil tikilib, onların sosial vəziyyəti yaxşılaşdırılıb. Müharibənin başa çatdığı 2,5 il ərzində heç bir xarici dəstək olmadan Azərbaycan ermənilərin 30 ildə minaladığı əraziləri minalardan təmizləyir və 10 min kvadrat km ərazidə geniş yenidən qurma və bərpa işləri aparılır. Ermənilərin dağıdaraq viran qoyduğu yaşayış məntəqələrimiz yenidən tikilərək müasirləşir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılma prosesinə başlanılıb”, - deyə o bildirib.

Deputat vurğulayıb ki, son 20 ildə Azərbaycan iqtisadiyyatı müasir texnologiyalar üzərinə transformasiya olunmaqdadır.

“Beləki, ölkəmizdə elektron hökuməti yaradılmış, dövlət xidmətləri ASAN xidmət və DOST mərkəzləri vasitəsilə bir mərkəzdən vətəndaşlara təqdim etməklə maksimum şəffaqlıq təmin olunmuşdur.

Azərbaycan son 20 ildə iqtisadi sahədə əldə etdiyi nailiyyətləri sahəsində dünya kosmos klubunun üzvünə çevrilib. Beləki orbitdə fəaliyyətini davam etdirən kosmik peyklərimiz həm özümüzə, həm də dünya ölkələrinə peyk xidmətləri göstərir. Onu da qeyd etməliyəm ki, keçmiş Sovetlər İttifaqı məkanında yaşamış ölkələrin arasında Azərbaycan kosmosa öz peykini çıxardan yeganə ölkədir.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti gələcək illərdə də ölkəmizi daha inkişaf etdirəcək və gücləndirəcəkdir. Təbii ki, iqtisadi cəhətdən güclü və müstəqil ölkələrin dünya siyasətində sözü daha güclü olur. Bu gün Azərbaycan dünyada öz sözünün imzası qədər möhkəm olduğunu təsdiq edib”, - deyə A.Badamov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti