Bakı. Trend:
Ötən gün Türkiyədə daha bir demokratik seçkilərin şahidi olduq. Rəcəb Tayyıb Ərdoğan seçkilərdə qalib gələrək növbəti dəfə Türkiyənin prezidenti seçildi. Rəcəb Tayyıb Ərdoğanın qələbəsi Azərbaycanda da sevinclə qarşılandı və bunun da bir səbəbi var. Çünki Rəcəb Tayyib Ərdoğan hər zaman Azərbaycanla dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük önəm verib. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın apardığı düzgün siyasət nəticəsində Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri tarixdə olmadığı qədər möhkəmlənib və dünyada nümunəsi olmayan modelə çevrilib.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat xatırladıb ki, Rəcəb Tayyib Ərdoğanı növbəti dəfə prezident seçilməsi münasibətilə ilk təbrik edən də məhz Prezident İlham Əliyev oldu.
“Məlumdur ki, bu amil Türkiyə mətbuatının da diqqətindən yayınmadı və bütün Türkiyə mətbuatı cənab Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı ilk təbrik etməsini geniş işıqlandırdı. Rəcəb Tayyib Ərdoğan seçkilərdə qələbəsindən sonra xalq qarşısında çıxışı zamanı da bu məsələyə xüsusi önəm verdi və cənab Prezident İlham Əliyevin ilk təbrik etməsini bütün Türkiyənin diqqətinə çatdırdı. Bu proseslər Azərbaycan-Türkiyə qardaşlığının və dostluğunun nə qədər sarsılmaz olduğunu göstərməklə yanaşı bundan sonra daha da möhkəmlənəcəyini ehtiva edir”, - deyə deputat bildirib.
Deputat bildirib ki, Türkiyə ilə Azərbaycan arasında tarixi dostluq və qardaşlıq, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan əlaqələrin möhkəmləndirilməsi üçün daim Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən çoxşaxəli tədbirlər həyata keçirilib.
44 günlük Vətən müharibəsi və Azərbaycanın tarixi Zəfəri Türkiyə və Azərbaycan arasında münasibətləri tamamilə yeni müstəviyə çıxardı. İki ölkə arsında imzalanan Şuşa bəyannaməsi qardaş ölkələr arasında yeni dövrün başlanğıcını qoydu. Bu bəyannamə bütün sahələrdə münasibətlərin yeni zirvəyə çıxması üçün geniş imkanlar açır.
Hesab edirəm ki, Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qələbəsi iki qardaş ölkə arasında münasibətlərin daha da möhkəmlənməsində yeni bir dövrün başlanğıcıdır. Rəcəb Tayyib Ərdoğanın ötən gün qələbəsi ilə bağlı xalqa müraciətində “Azərbaycan qazandı, Qarabağ qazandı” söyləməsi də qardaşlıq münasibətlərinin bundan sonra daha da möhkəmlənəcəyindən xəbər verir”, - deyə deputat əlavə edib.