...

Dövlət büdcəsinə dəyişiklik azad edilmiş ərazilərə ləyaqətli qayıdış üçün mühüm addımdır - Sevil Mikayılova

Siyasət Materials 6 İyun 2023 12:23 (UTC +04:00)
Dövlət büdcəsinə dəyişiklik azad edilmiş ərazilərə ləyaqətli qayıdış üçün mühüm addımdır - Sevil Mikayılova

Bakı. Trend:

Qlobal siyasi və iqtisadi müstəvidə baş verən proseslər milli iqtisadiyyatlara təbii ki, təsirsiz ötüşmür. Mövcud situasiyada ölkəmizdə bərqərar olan iqtisadi sabitlik və dayanıqlı inkişafı qorumaq çox vacibdir və bu, dövlət büdcəsinə yenidən baxılması zərurəti yaradır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Sevil Mikayılova parlamentin bu gün keçirilən növbədənkənar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanununda dəyişikliyin müzakirəsi zaman deyib.

O qeyd edib ki, parlamentə təqdim olunan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanununda nəzərdə tutulan dürüstləşmə mövcud reallıqları və riskləri təhlil etməklə hazırlanıb.

“Budcə gəlirlərinin proqnozlaşdırılan artımı fonunda isə xərclərin yenidən müəyyənləşdirilməsi məsələsi aktuallaşıb. Müstəqillik dövrünün ən iri dövlət büdcəsinin gəlirlərinin proqnoz göstəricilər üzrə artımı bu il təxmini 10% təşkil edəcək ki, bu kifayət qədər böyük rəqəmdir. Gəlirlərin əsas tərkib hissələri üzrə göstəricilər 14 mənbə üzrə çoxalıb. Təqdim olunan sənəddə, dövlət büdcəsinin gəlirləri təxminən 33.8 milyard manat proqnozlaşdırılır ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 9.8% çoxdur. Xərclər 36,7 milyard proqnozlaşdırılır ki, bu da təsdiq edilmiş məbləğdən 9.6% çoxdur. Gəlir və xərclər üzrə artım rasional istiqamətlər üzrə dəyişikliklərin edilməsi zərurətini yaradır və təqdirəlayiqdir ki, bu istiqamətlər məhz vətəndaşlarımızın rifahı və yaranmış çağırışlara cavab olaraq müəyyənləşdirilib”, - deyə S.Mikayılova bildirib.

Deputat qeyd edib ki, əsaslı və dövlət borcuna xidmət xərcləri üzrə artım öz strukturunda ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair I Dövlət proqramının icrasının, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqi və digər zəruri xərcləri əhatə edir.

“2023-cü ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsində, işğaldan azad olunmuş ərazilərin və ölkə sərhədlərinin toxunulmazlığının təmin edilməsi və mühafizəsi, ordunun təminatı və təhlükəsizlik xərcləri üçün əlavə 1.1 milyard manat vəsait ayrılır. Cari ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 3 milyard manat vəsait nəzərdə tutulub. Böyük Qayıdışa dair I Dövlət Proqramı ilə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün 2.3 milyard manat əlavə vəsaitin cəlb edilməsi təklif olunur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqlarının bütövləşməsi tarixi qələbəmizdir, bu ərazilərə ləyaqətlı qayıdışımız dövlət siyasətinin prioritet istiqamətlərindəndir və təklif edilən dəyişikliklər bu siyasətin həyata keçirilməsi üçün mühüm addımdır.

Xüsusi qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında çoxvektorlu xarici siyasətimiz durmadan aktivləşir, ənənəvi xarici siyasət gündəliyimizin həm coğrafiyası, həm də məzmunu dəyişir və genişlənir. Bu isə beynəlxalq fəaliyyətlə bağlı xərclərin artırılmasını vacib edir. Qeyd edək ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının əməkdaşlarının təminatı ilə bağlı yeni qaydaların qüvvəyə minməsi və bəzi xarici ölkələrdə səfirliklərin, eləcə də diplomatik nümayəndəliklərin fəaliyyətə başlaması ilə əlavə maliyyələşməyə ehtiyac yaranır”, - deyə deputat vurğulayıb.

S.Mikayılova əlavə edib ki, diqqətçəkən məqam qanun layihəsində sosial yönümlü büdcə siyasətinin davam etdirilməsi, əhalinin həssas qrupuna aid vətəndaşlarımızin sosial müdafiəsinin gücləndirilməsi üçün xərclər istiqamətində ayırmaların da artımının nəzərdə tutulmasıdır”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti