Bakı. Trend:
İki il əvvəl 2021-ci il iyunun 15-də imzalanan tarixi Şuşa
Bəyannaməsi Azərbaycanla Türkiyənin qardaşlığını bütün dünyaya
bəyan edən mesaj idi. Bu bəyannamə ilə
iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin
əsasını qoyuldu.
Son 2 ildə bəyannamə çərçivəsində atılan addımların münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin etdiyini görürük. Eyni zamanda müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyəti də artmaqdadır. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.
Tarixi Şuşa Bəyannaməsinin ən böyük üstünlüklərindən biri onun
sülhə və inteqrasiyaya yol açmasıdır. Son iki ildə bölgədə
inteqrasiya prosesləri stimullaşmaqdadır.
Bəyannamə eyni zamanda Qarabağ ərazisində yaşayan erməni əsilli
Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar
yaradır. Ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyən
edən Şuşa Bəyannaməsinin icrası keyfiyyətcə daha yüksək
işbirliyinin təminatıdır.
Bu gün iki qardaş ölkənin münasibətlərinin ən yüksək səviyyəyə çatmasında dövlət başçıları arasında mövcud olan dostluq əlaqələrinin rolu böyükdür. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğan arasında möhkəm dostluq təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə dövlət səfərinin də məhz Şuşa Bəyannaməsinin ikinci ildönümü ərəfəsində baş tutması da təsadüfi deyildi. Prezident İlham Əliyevin də bəyn etdiyi kimi, Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Əslində, faktiki olaraq, biz uzun illər müttəfiqlər kimi fəaliyyət göstərirdik, ancaq Şuşa Bəyannaməsi bunu rəsmi sənədə çevirdi.
Bəyannamənin əhəmiyyətini şərtləndirən mühüm amillərdən biri də Azərbaycanın və Türkiyənin milli gücünün artması, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsidir.
Məlumdur ki, sənəddə əksini tapan mühüm məsələlərdən biri də xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirməkdir. Şuşa bəyannaməsi çərçivəsində atılan addımlar bir daha göstərir ki, Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri region üçün sülh və sabitlik mənbəyidir.
Könül Nurullayeva
Milli Məclisin deputatı