...

Bu təxribat Vaşinqton danışıqlarını pozmaq cəhdidir - Könül Nurullayeva

Siyasət Materials 29 İyun 2023 10:37 (UTC +04:00)
Bu təxribat Vaşinqton danışıqlarını pozmaq cəhdidir - Könül Nurullayeva

Bakı. Trend:

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda növbəti dəfə bir araya gəlməsi, dialoqun intensivliyi sülhlə bağlı ümidləri artırır. Lakin Ermənistanın məhz Vaşinqton danışıqları zamanı sərhəddə törətdiyi təxribat danışıqları pozmaq cəhdidir. Elə Vaşinqton danışıqlarında da Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin əsas istiqamətləri, habelə regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bu kontekstdə Ermənistanın öz öhdəliklərini yerinə yetirmədiyi bir daha diqqətə çatdırılıb. Qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazilərindən hələ də çıxmaması, hərbi-siyasi təxribatların davam etdirməsi birbaşa sülh səylərinə xələl gətirir.

Təbii ki, heç bir təxribat cavabsız qalmır. Prezident İlham Əliyev də bəyan edib ki, bizə qarşı edilən hər bir təxribata layiqli cavab verilir, istər hərbi, istər siyasi cavab. Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq.

Ermənilərin bu dəfəki təxribatı da Qisas əməliyyatı ilə layiqli cavabını aldı. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Ağdam istiqamətində törətdiyi təxribata cavab olaraq, erməni terrorçular məhv edildi.

Bundan əvvəl Sarıbaba, Fərrux əməliyyatları zamanı da Azərbaycan ordusu erməni terrorçularına öz yerini göstərmişdi. Rəsmi Bakı bəyan edir ki, Azərbaycan Silahlı Qüvvələri yalnız hərbi hərəkətlərlə bağlı cavab tədbirləri görüb, nəticədə bir Azərbaycan hərbçisi yaralanıb.

Görünən budur ki, regionda sabitliyi pozan əsas faktor Ermənistan silahlı qüvvələridir.
Ermənistanın baş naziri Nikol Paşinyan isə beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğuldur. Onun Qarabağ əhalisinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün əməli addımlar atmağa çağırılmasının heç bir əsası yoxdur.

Ümumiyyətlə, Ermənistanın Azərbaycanın daxili məsələsi olan Qarabağ bölgəsinin erməni əsilli sakinlərinin cəmiyyətimizə reinteqrasiyası istiqamətində görülən işlərə müdaxiləsi qəbuledilməzdir.

Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı daha dəqiq sözlər deyilməlidir.

Bundan sonra həmin ifadələr kağız üzərində də olmalıdır və Ermənistan buna imza atmalıdır. Belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər. Əks təqdirdə, sülh olmayacaq.

Mövcud çətinlik və çağırışlara baxmayaraq, Azərbaycan normallaşma və sülh gündəliyini irəli aparmaq əzmində və niyyətindədir. Bununla belə, yeni təxribatlar davam edəcəyi təqdirdə bunun cavabı daha ağır olacaq.

Milli Məclisin deputatı Könül Nurullayeva

Məqalədə:
Xəbər lenti

Xəbər lenti