...

Bakı konfransında idmana bərabər çıxışla bağlı əhəmiyyətli nəticələr əldə olundu - Könül Nurullayeva (FOTO)

Siyasət Materials 30 İyun 2023 15:06 (UTC +04:00)
Bakı konfransında idmana bərabər çıxışla bağlı əhəmiyyətli nəticələr əldə olundu - Könül Nurullayeva (FOTO)

Bakı. Trend:

Bədən Tərbiyəsi və İdman üzrə Məsul nazirlərin və yüksək vəzifəli şəxslərin (MINEPS VII) Bakıda keçirilən VII Beynəlxalq Konfransında səmərəli müzakirələr aparıldı.

Trend xəbər verir ki, bu fikirləri sözügedən konfransda müşahidəçi qismində iştirak edən İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin və Koordinasiya Komissiyasının üzvü Könül Nurullayeva deyib.

O bildirib ki, üç gün davam edən konfransda 120-dən çox ölkə təmsilçisi iştirak edib. Bakı konfransında əhəmiyyətli nəticələr əldə olunub:

“Bu platforma vasitəsilə ümumi mesajlar verən idman elitası hesab edir ki, idman fərq yarada bilər. Bu sahəyə daha çox diqqət ayıraraq, daha çox investisiya cəlb edərək buna nail olmaq mümkündür. Panel iştirakçıları idmanın müxtəlif sahələrə təsiri ilə bağlı təcrübələri, həmçinin idman və inkişaf nəticələrindən faydalanmaq üçün həll edilməli olan problemləri bölüşdülər. Konfransda həmçinin UNESCO-nun əhalinin idmana bərabər çıxışının təmin edilməsinə yönəlmiş "Fit for Life" təşəbbüsü ətrafında Alyans da yaranıb.”

Deputat idmanda və idman vasitəsilə gender bərabərliyinin müdafiəsi ətrafında aparılan müzakirələri də faydalı hesab edir:

“Bu, kifayət qədər aktual məsələdir. Qızların və qadınların idmanda iştirakına maneələrin aradan qaldırılmasının, qızların iştirakını və saxlama dərəcələrini artırmağın vacibliyi vurğulanıb".

Deputatın fikrincə idmanın gücündən gender bərabərliyinin nəticələrini artırmaq və bu investisiyaların təsirlərini daha yaxşı ölçmək və əlaqələndirmək üçün bir vasitə kimi istifadə etmək zəruridir:

“İdmanda qadınlara və qızlara qarşı zorakılıqla mübarizə də konfransda əsas müzakirə mövzularından biri idi. Konfrans iştirakçıları eyni zamanda idman tədbirlərinin davamlılığı ətrafında da səmərəli müzakirələr apardılar.

Ümumiyyətlə, bu konfransın Bakıda təşkil olunması təsadüfi deyil. Qonaqlar tədbirin keçirilməsi üçün ölkəmizdə bütün lazımi şəraitin olduğunu xüsusi qeyd etdilər. Azərbaycan gələcəkdə daha irimiqyaslı tədbirlərin keçirilməsi üçün də nəzərdən keçirilir. Bu da ölkəmizin beynəlxalq nüfuzu baxımdan olduqca vacibdir", - deyə deputat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti