Bakı. Trend:
Azərbaycanda yeni ödənişli yolun açılmasını əlamətdar hadisə hesab edirəm.
Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, son illər ölkəmizdə 21 min kilometrə qədər müasir yollar tikilib istifadəyə verilib.
“Demək olar ki, ölkə ərazisindəki bütün avtomagistral yollar yenidən qurulub. Bu, həm ölkə əhalisinin hərəkətini rahatlaşdırıb, həm də ölkəmizin beynəlxalq logistik imkanlarını genişləndirib. Belə ki, istifadəyə verilmiş Cənub-Şimal və Qərb-Şərq nəqliyyat dəhlizləri üzrə beynəlxalq daşımaların həcmi dəfələrlə artmaqdadır.
Bu gün ən çox yüklənən əsas magistral yollardan biri Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədinə qədər olan yoldur. Bu yolun yenidən qurulması yolda hərəkəti asanlaşdırıb. Amma bununla yanaşı, avtomobillərin sıxlığı hər gün artır.
Dünya praktikasında müasir avtomobil yolu olan istiqamətə alternativ olaraq ödənişli yolun tikintisi qəbul olunmuş haldır. Belə ki, bu gün fəaliyyət göstərən Bakı-Quba-Rusiya Federasiyasının sərhədinə qədər olan yolun 129 km hissəsində alternativ ödənişli yol tikilib. Bu istiqamətdə ödənişli yolun istifadəyə verilməsi ödənişsiz yolda avtomobil sıxlığının azalmasına töhfə verəcək.
O cümlədən, ödənişli yol məsafəcə qısa olduğundan bu yoldan istifadə edən şəxslərin sayı çox olacaq. Həm də bu yolla ölkəmizin şimal rayonlarına səfər edən insanlar da rahat və təhlükəsiz şəkildə hərəkət edə biləcək”, - deyə deputat bildirib.
Yolun tariflərinə gəldikdə, A.Badamov qeyd edib ki, qət etdiyi məsafəyə görə ödənişin müəyyən olunması düzgün haldır.
“Bundan əlavə, birdəfəlik, həftəlik, aylıq və illik tariflərin müəyyənləşdirilməsini də çox düzgün addım hesab edirəm. Çünki bu yoldan çox istifadə edənlər daha az ödəniş edə biləcəklər. Həm də beynəlxalq yük daşımaları həyata keçirən avtomobillərin də bu yoldan daha çox istifadə edəcəkləri gözlənilir. Bu da dövlət büdcəsinə əlavə gəlirlərin gəlməsi deməkdir. Ümumiyyətlə, yol mədəniyyət və inkişaf deməkdir. Ona görə də müxtəlif təyinatlı yolların istifadəyə verilməsini ölkənin inkişaf səviyyəsinin göstəricisi hesab edirəm”, - deyə deputat əlavə edib.
Qeyd edək ki, Tarif (qiymət) Şurasının qərarına əsasən, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib. Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək. Avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).