Bakı. Trend:
Azərbaycanla Türkiyə arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi və genişlənməsində növbəti addım atılıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkilərindən sonra ilk rəsmi səfərini hörmətli Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyə Respublikasına edib. Cənab Prezident İlham Əliyevin cari ilin 19 fevral tarixində Türkiyə Respublikasına ilk rəsmi səfəri Azərbaycan və Türkiyənin sarsılmaz dostluq münasibətlərindən xəbər verir. Türkiyə bu gün dünya çapında söz sahibidir. Azərbaycan və Türkiyənin münasibətləri möhkəm təməllərə malikdir. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan cənab İlham Əliyevlə Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl dostluq və qardaşlıq nümayiş etdirmələri mühüm əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsi bütün dünyaya Azərbaycan dövlətinin gücünü, qüdrətini bir daha nümayiş etdirdi.
Vətən müharibəsi zamanı xalqımız qardaş Türkiyənin Azərbaycana sarsılmaz dostluq mövqeyini gördü və qardaşlıq dəstəyini hiss etdi. Ənənəyə çevrilən hər iki ölkənin dövlət başçılarının prezident seçkilərindən sonra qarşılıqlı olaraq Türkiyəyə və Azərbaycana səfərləri iki dost ölkənin sarsılmaz qardaşlıq nümunəsi kimi dəyərləndirilir. Cənab İlham Əliyevin həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 19-da qardaş Türkiyə Respublikasına rəsmi səfəri dövlət başçımızın “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir”.
Hər zaman insan hüquq, azadlıqlarının qorunmasına, demokratiyaya və hər kəsə fərdi yanaşma prinsipinə üstünlük verən cənab Rəcəb Tayyib Ərdoğanın bölgələrə səfərləri zamanı insanlarla ünsiyyəti, həssaslığı, şəhid ailələrinin ağrı-acısına xüsusi yanaşması, aztəminatlı ailələrə göstərdiyi humanitar yardımlar dövlət başçısının şəxsi keyfiyyətlərini əks etdirməklə onun əsl vətəndaş, təcrübəli rəhbər olmasını sübut edir. “Biz nə qədər güclü olsaq, bizim həqiqətlərimiz də bir o qədər üstün olacaqdır. O qədər də bizim sözümüzü eşidəcəklər” fikrini səsləndirən cənab İlham Əliyevin sözlərini 44 gün davam edən Vətən müharibəsindəki siyasi qüdrətimiz, hərbi gücümüz təsdiqlədi. Azərbaycan və Türkiyədə sabitliyi pozmağa çalışanların qarşısı hər iki xalqın dostluq və qardaşlıq birliyi ilə alındı. Azərbaycan-Türkiyə əməkdaşlığının bütünlükdə türk dövlətlərinin birliyinin möhkəmlənməsindəki əvəzsiz rolu son illər ərzində daha da sürətlənmişdir. Azərbaycan və Türkiyə dövlətləri arasında qlobal enerji, nəqliyyat layihələrinin reallaşmasında əsas tərəfdaş olan ölkələrimizin dünya siyasətində artan rolu türk ailəsinin sarsılmazlıq nümunəsidir.
Azərbaycan və Türkiyə dövlət başçıları mətbuata bəyanatında açıqlamalar verərkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki xalqın “Bir millət, iki dövlət” kimi çiyin-çiyinə hərəkət etdiyini vurğulayıb. Cənab İlham Əliyev Türkiyə barədə yüksək fikirlər səsləndirərək Türkiyənin dünyada söz sahibi dövlət olduğunu vurğulayıb. “Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir. Təbii ki, Azərbaycan Sizin uğurlarınıza öz uğurları kimi sevinir”.
Qeyd etmək lazımdır ki, Türkiyə dövləti bu gün dünya söz sahibidir. Prezident İlham Əliyev Türkiyənin bu gün dünyadakı rolunu vurğulayıb, Vətən müharibəsi zamanı qardaş ölkənin daim Azərbaycanın yanında olduğu, sülh yolu ilə həll olunmayan tarixi məsələnin döyüş meydanında cəmi 44 gün ərzində həll edildiyi diqqətə çatdırılıb. Eyni zamanda cənab İlham Əliyev bildirib ki, “2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarında əziz Qardaşımın çox qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi biz savaş meydanında cəmi 44 gün ərzində həll etdik”. Azərbaycan və Türkiyə dövlətləri arasında əməkdaşlığın əsas istiqamətlərindən biri də hərbi sahədə əməkdaşlıqdır. Hər il ən azı 10 birgə hərbi təlim keçirilir ki, bu da bizim hərbi gücümüzü artırır. Vətən müharibəsi zamanı və müharibədən 5 ay əvvəl keçirilən antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda tam olaraq formalaşıb. Qarabağda keçirilmiş son lokal antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqlədi və Şanlı ordumuz separatçı qüvvələrə Azərbaycan ərazisində yer olmadığını sübut etdi.
Milli Məclisin deputatı,
Rauf Əliyev