...

Yunanıstan Fransanın dublyoru rolunu oynayır - Deputat

Siyasət Materials 6 Mart 2024 13:26 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan Fransanın dublyoru rolunu oynayır. Həm də Paşinyanın səfərlərinin senarisi Fransadan cızılır. Ona görə də Paşinyan Fransaya səfərindən sonra Yunanıstana səfər edir. Müdafiə nazirləri də eyni qaydada Ermənistana səfər edərək, yanında olduğunu nümayiş etdirir. Təbii ki, Avropanın bu siyasəti xristian həmrəyliyinin nümayişi kimi də qeyd edə bilərik. Çünki Avropa İttifaqına, Fransa və Yunanıstana beynəlxalq hüquq normalarına riayət olunması əsas deyil.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, bu baxımdan, Azərbaycana qarşı ifadə olunan qərəzli münasibət və sülhün əldə olunana qədər Ermənistanla həmrəy olduqlarını səsləndirməsi Avropa İttifaqının islamofob siyasətindən irəli gəlir.

"Yunanıstanın iqtisadi vəziyyətinə diqqət yetirsək, görərik ki, bu ölkə Avropa İttifaqında yerləşsə də, daima borcun içində batır. Afina Avropa İttifaqında ən çox insanların dövlət siyasətinə qarşı etirazlarını bildirdiyi ölkədir. Təbii ki, bu etirazlar dövlətin yaşadığı iqtisadi çətinliklərdən yaranan sosial problemlərlə bağlıdır. Amma Azərbaycan isə TAP layihəsini Yunanıstan ərazisindən keçirməklə bu ölkəyə böyük gəlirlər gətirir.

Avropa İttifaqı enerji təhlükəsizliyi ilə bağlı çətinlik yaşayır. Amma Yunanıstan isə Azərbaycanın qazı hesabına özünün enerji təhlükəsizliyini təmin edir və digər ölkələrə də qaz ixrac edən haba çevrilmək üzrədir. Təəssüf ki, Yunanıstan xristian-müsəlman məsələsinə görə seçim etməli olanda öz ölkəsinin milli maraqlarını ayaq altına ataraq, torpaqlarımızı 30 il işğal altında saxlayaraq, 1 milyon insanı məcburi köçkün və qaçqın həyatı yaşamağa məcbur etmiş Ermənistana həmrəy olduğunu bildirir.

Yunanıstanın Baş naziri Misotakisin dediyi “biz ümumi təhdidlər qarşısındayıq”, “Yunanıstan Azərbaycanla sülh müqaviləsinə nail olmaq üçün həmişə Ermənistanın tərəfində olacaq” ifadələri də ölkəmizə qarşı olan qərəzdən, zəfərimizi həzm edə bilməməyindən irəli gəlir və bu Yunanıstanın ədalətdən uzaq bir ölkə olduğunu göstərir.

Biz artıq Qərbin riyakar siyasətinə öyrəşmişik. Ermənistanın tərəfində kim olursa, onların öz işidir. Biz öz işimiz görmüşük və torpaqlarımızda suverənlik bərpa olunub. Fransa və Yunanıstan Ermənistana dəstək verməklə Azərbaycana olan qərəzini ifadə edirlər", - deyə deputat bildirib.

O qeyd edib ki, Fransa Yunanıstanı, Kipri və Ermənistanı yanına çəkməklə ant-Azərbaycan koalisiya yaradır.

"Təbii ki, bu, onların öz işidir. Fransa Ermənistana sınıq-salxaq "Bastion"ları verməkdə qoy davam etsin. Hətta digər hərbi yardımlar edəcəyi ilə bağlı şirin sözləri də Ermənistana versin. O cümlədən, Avropa İttifaqı missiyası adı altında pensionerləri Azərbaycanla şərti sərhəddə saxlamaqda davam etsin.

Sual olunur ki, sonra nə olacaq?. Təbii ki, heç nə. Çünki Fransa, Yunanıstan və Kipr bu gün özləri öz başlarına çarə qıla bilmirlər. Ermənistan yenidən müharibə olacağı təqdirdə Fransa və Yunanıstanın öz tərəfindən Azərbaycanla müharibə aparacağını fikirləşir. Təbii ki, Ermənistan hakimiyyəti belə hərəkətləri ilə öz xalqını aldadır. Azərbaycan sülh istəyir və bir də müharibənin baş verməsini dəstəkləmir. Amma yenidən müharibə qaçılmaz olarsa, Ermənistanın qarşılaşacağı nəticələr daha da ağır olacaq", - deyə o bildirib.

Deputat əlavə edib ki, Kiprin ermənilərin korrupsiya əməliyyatları aparan mərkəzə çevrilməsi və Yunanıstanla Azərbaycana qarşı siyasətə başlaması bizim də hərəkət imkanlarımızı genişləndirir.

"Fransa və Ermənistan Azərbaycanı özlərindən nə qədər uzaqlaşdırırsa, bu ilk növbədə onların özləri üçün pis olacaq. Çünki bu ölkələr təmiz siyasət aparmırlar və digər xalqları istismar etməklə sərvətlərini çoxaldıblar.

Avropa İttifaqının uğursuz siyasəti nəinki Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanla münasibətlərini pisləşdirir, həm də Avropa İttifaqının sonunu yaxınlaşdırır. Çünki Avropa İttifaqına daxil dövlətlərin üçdə biri ilə Azərbaycanın ikitərəfli strateji tərəfdaşlıq əlaqələri var. Bu birliyə daxil olan Azərbaycanofob siyasəti yürüdən ölkələrlə digər ölkələr arasında fikir ayrılıqları da dərinləşməkdədir.

Bunun həm də Avropa İttifaqının liderlərinin səriştəsizliyi və islamofob meyillərindən irəli gəldiyini hesab edirəm. Onlar unutmasınlar ki, Azərbaycan da tək deyil. Bu gün Azərbaycanın yanında həm Avropa Birliyinə daxil ölkələr, həm də Türkiyə başda olmaqla, Türk dünyası dayanıb. O cümlədən, dünyadakı dostlarımız da beynəlxalq platformalarda ədaləti dəstəkləyərək, Azərbaycana dəstəyini nümayiş etdirirlər. Bu baxımdan, dövlət başçımızın apardığı beynəxlaq siyasət Ermənistanın yanında birləşmiş koalisiyanı ifşa və məhv edir", - deyə deputat yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti