Bakı. Trend:
Azərbaycan ordusu öz ərazilərini işğaldan azad etməyə başladıqdan sonra Makron Fransasının iç üzü bilinməyə başladı. Belə ki, əvvəlcə ölkəmizə ultimatumlar göndərildi. Nəticəsiz qaldığını görən Fransa məsələni BMT TŞ-na dəfələrlə çıxardı. Təhlükəsizlik Şurasının digər üzvləri Makronun gündəliyə Azərbaycana qarşı çıxartdığı sənədləri qəbul etmədi. Çünki Azərbaycan beynəlxalq normaları çərçivəsində hərəkət edirdi.
Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, sonra da Fransa Avropa İttifaqında Azərbaycana qarşı sanksiyaları tətbiq etmək üçün qətnamənin qəbul olunmasına çalışdı.
“Makronun bu istəkləri də iflasa uğrandı. Nəhayət bütün cəhdləri nəticəsiz qalan Makron əvvəlcə Fransanın Parlamentində, sonra da AŞPA və Avropa Parlamentində Azərbaycana qarşı sənədlər qəbul etdirə bildi. Təbii ki, onların qəbul etdiyi sənədlər dəyərsiz bir kağız parçası olduğunu bəyan etdik.
Fransa isə ermənidən çox ermənilik edir və Azərbaycanın Zəfərini heç cürə həzm edə bilmir. Əslində Azərbaycan burda qeyri-adi heç bir iş görməyib. Biz sadəcə öz ərazilərimizi işğaldan azad etmişik. Avropada liderlik etməyə çalışan Makron Ukraynanın ərazi bütövlüyünü müdafiə etmək üçün Qərbi yardımlar göndərməyə və quru qüvvələrin göndərilməsinə çalışır. Amma Azərbaycanı isə öz ərazilərində suverənliyi bərpa etdiyinə görə ittiham edir. Bu, bir daha Makron hakimiyyətinin neokolonist və işğalçılıq siyasətinə davam etdiyini göstərir”, - deyə deputat bildirib.
O qeyd edib ki, Azərbaycana təzyiq göstərməyinə heç cür gücü çatmayan Fransa son çıxış yolu kimi Azərbaycanın şəhərlərindən biri ilə qardaşlaşmış Evian şəhərində yerləşən Azərbaycanın şairi Natəvanın heykəlinə qarşı vandalizm hərəkətklərini etdi.
“Hətta heykəl rənglərlə bulaşdırılmış halda parçaya bükülərək uzun müddət saxlanıldı. Bu, Fransanın Ermənistandan heç də fərqli olmadığını göstərir. Çünki Ermənistan Şuşanı işğal edəndə Şuşadakı mədəniyyət klasssiklərimizin büstlərini gülləbaran etmiş, sonra da İrəvana aparıb əritmək istəyirdi. Eyni hərəkətləri Natəvanın həykəlinə qarşı Fransada təkrarlanması onların hər ikisinin də mahiyyətinin eyni olduğunun sübutudur”, - deyə A.Badamov vurğulayıb.
Onun sözlərinə görə, Makron Ukraynaya öz ərazilərini azad etmək üçün silah verdiyi halda, Ermənistana isə Azərbaycan ərazilərini yenidən işğal etmək üçün silah verir.
“Makron hakimiyyəti bu hərəkətləri ilə həm özünü ifşa edir, həm də Fransanın ləkəli tarixini təkaralamağa çalışır. Amma Makron bilməlidir ki, 44 gündə torpaqlarını işğaldan azad edən və 23 saatda minlərlə erməni hərbiçilərini təslim edərək torpaqlarında suverənliyi bərpa etmiş Azərbaycan ordusu bundan sonra da öz ərazilərinin bütövlüyünü bütün düşmənlərdən qorumaq iqtidarındadır.
Makron Ermənistana hərbi dəstək göstərməklə sadəcə regiona sülhün gəlməsinə zərbə vurur. Amma beynəlxalq güclərin hərbi poliqona çevrilərək məhv olunan Ermənistan olacaqdır. Çünki Ermənistan heç vaxt özünü müdafiə edə bilməyib və bundan sonra da beynəlxalq güclərin ayaqları altında qalacağı qaçılmaz görünür”, - deyə deputat əlavə edib.