...

Onlar Nikolla bacara bilmədilər

Siyasət Analytics 28 İyun 2024 11:50 (UTC +04:00)
Onlar Nikolla bacara bilmədilər
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Ermənistanda hakimiyyətə qarşı etiraz aksiyaları səngidiyindən Nikol Paşinyanın devrilməsinə çalışan, onun hakimiyyətdən uzaqlaşdırılmasına can atanların uğursuzluğa düçar olduğunu demək olar.

İrəvanda "Paşinyan xuntası" adlandırdıqları hakimiyyətin sonunu gətirməyə çalışanlar indi "Nə baş verir?" və "Niyə belə oldu?" ritorikasına cavab arayırlar.

Erməni Həvariyun (Apostol) və ya qriorian kilsəsi; sabiq prezidentlər Robert Köçəryanla Serj Sarqsyanın başçılıq etdikləri, əslən Qarabağdan olan ermənilərdən ibarət "Qarabağlılar klanı"; Ermənistandakı çoxsaylı və kənardan maliyyələşərək idarə olunan kiçik müxalif qruplar, ən nəhayət, ABŞ, Rusiya və Fransadakı erməni icmalarının ən böyük diaspor təşkilatlarının bir araya gələrək yaratdıqları "mübarizə koalisiyası" qarşısına qoyduğu məqsədlərin heç birinə çatmayıb.

Həmin məqsədlərin siyahısı belə idi:

1. Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası prosesinin dayandırılması,

2. Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması ilə bağlı aparılan danışıqların dayandırılması,

3. Azərbaycanla Ermənistan arasında regional kommunikisiyaların bərpası və yeni loqistik marşrutların işə salınması ilə bağlı müzakirələrin dayandırılması,

4. Baş nazir Nikol Paşinyanın istefaya vadar edilməsi və hakimiyyətdən kənarlaşdırılması,

5. Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi.

Erməni kilsəsinin Tavuş yeparxiyasının arxiyepiskopu Baqratın (Vazgen Qalstanyanın) "lider"liyi ilə aprelin 19-da Tavuşda (Tovuzqalada) başlayan və burada 32 ildən bəri erməni işğalında olan 4 kəndin azad edilərək, Azərbaycana qaytarılması ilə bağlı başlanan aksiyalar sonradan "ölkə miqyasındakı genişmiqyaslı etirazlar" kimi təqdim edilməyə başlandı.

Keşiş Baqrat ilk əvvəl Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası prosesinə etiraz edirdisə, sonradan o, siyasi mübarizəyə başladığıını bəyan etdi, daha sonra baş nazir postuna iddialı olduğunu açıqladı.

Yekun açıqlama, əslində, olmayacaqdı, amma sabiq prezident Robert Köçəryanı hakimiyyətə gətirmək istəyən kilsənin, "qarabağlılar klanı"nın və diaspor təşkilatlarının arzuları elə aksiyalara qatılan ermənilərin nifrəti ilə üzləşəndə ssenari dəyişdi.

Ermənistanda N.Paşinyandan narazıların sayı az deyil, amma Robert Köçəryanın yenidən hakimiyyətdə olmasını ölkə və xalq üçün əsl faciə hesab edənlərin sayı dəfələrlə çoxdur.

Keşiş Baqratı marionet qismində ortaya atan qüvvələrin hesablamalarında digər yanlışlıq reytinqlərlə bağlı idi.

Apreldə Ermənistanda keçirilmiş rəy sorğularına görə, Nikol Paşinyanın və onun başçılıq etdiyi "Mülki Müqavilə" Partiyasının reytinqi 20,4 faiz təşkil edirdi. Aksiyaları hazırlayanları da bu məqam ruhlandırmışdı: onlar aşağı reytinqi hakimiyyətin dayaqlarını itirməsi sayırdılar.

Köçəryan və kilsə koalisiyası bir məqamı nəzərə almamışdılar: N.Paşinyanın reytinqi aşağı olsa da, Ermənistandakı bütün müxalifət partiyalarının və siyasətçilərin reytinqləri ondan dəfələrlə az idi.

Halbuki Ermənistan sakinləri indi hakimiyyətdə və ya müxalifətdə yer almalarından asılı olmayaraq, bütün (!) siyasətçilərə inanmırlar, siyasi proseslərə də aktiv qatılmaq istəmirlər.

Keşiş Baqratın fasiləsiz çağırışlarına və sonra da "İrəvanın mərkəzinə yüz minlərlə insan toplayacağıq" bəyanatlarına rəğmən, aksiyalarla mitinqlərin, yürüşlərlə piketlərin vəd edilən sayda iştirakçıdan xali olmasının da səbəbi budur.

Nəticə bəlli.

Artıq iki həftədən çoxdur ki, keşiş Baqrat, yəni Vazgen Qalstanyan İrəvanda etiraz aksiyaları və mitinqlər keçirmir. Şəhərin mərkəzində aksiyaçıların qurduqları çadır "şəhərciyi" də sökülüb.

Keşiş Baqrat bəyan edib ki, yaxın vaxtlarda İrəvanda hansısa aksiyaların təşkil edilməsi nəzərdə tutulmayıb: "Fəaliyyətimizi əyalətə keçiririk, hakimiyyətə qarşı mübarizəni orada davam etdirərək paytaxta qayıdacağıq".

Onun nominal olaraq rəhbərlik etdiyi etiraz aksiyalarının ən genişmiqyaslıları mayın 9-da və 26-da, habelə iyunun 12-də olmuşdu.

Həmin günlərdə Paşinyan iqtidarı gerçəkdən də, çətin saatlar yaşamalı olmuşdu. Amma vaxt keçdikcə etirazların aktivliyi və miqyası zəifləməyə başladı, iyun ayının sonlarına yaxın isə sürətlə azaldı.

İyunun 12-dən bəri isə Ermənistanda hakimiyyətə qarşı, ümumiyyətlə, ciddi etiraz aksiyası olmayıb.

Vazgen Qalstanyan iyunun 17-də "yüz minlərin qatılacağı aksiya" vəd etsə də, alınmadı. Onun "Paşinyana iyunun 16-dək istefa üçün vaxt verirəm" ultimatumunu da rəsmi İrəvan eyninə almadı.

Keşiş Baqratın nominal rəhbər olduğu aksiyaların belə uğursuzluğa düçar olmasının səbəblərindən sadəcə, ikisini göstərdik.

Digər səbəblər arasında Ermənistanın mövcud hakimiyyətinin keşiş Baqratın tərəfdarları ilə sərt davranmasıdır. Belə ki, etiraz aksiyalarında 623 nəfər saxlanılıb, 16 nəfər həbs edilib.

Keşiş Baqratı dəstəkləyən və onun aksiyalarını maliyyələşdirən iş adamlarına qarşı da təqiblər başlayıb. Milyonçu Hayk Şahnazaryan 88 milyon erməni dramı (229 min dollar) məbləğində vergidən yayınmaqda suçlanıb. İş adamı Xaçatur Qriqoryana qarşı cinayət işi qaldırılıb.

"Daşnaksutyun"un və Xankəndidəki sabiq separatçı rejimin keçmiş rəhbəri Samvel Şahramanyanın ofislərində axtarışlar aparılıb, daşnaklarla sabiq qarabağlı separatçıların 4 avtomobili müsadirə olunub.

Digər səbəb ABŞ, Fransa və Avropa İttifaqının operativ olaraq Nikol Paşinyanı dəstəkləməsidir. Fransa prezidenti Emmanuel Makron əslində Paşinyanın devrilməsi və onun postunu Parisin təlimatlarını tam, qeyd-şərtsiz icra edəcək marionetin tutmasını istəyir. Fəqət ABŞ-nin planları fərqli idi və bu səbəbdən mayın 26-da İrəvana ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini Devid Koen, iyunun 12-də isə dövlət katibi Entoni Blinkenin müavini Ceyms O-Brayen yollandılar.

Onlar Nikol Paşinyanla görüşərək Qərbin dəstəyini və aksiya iştirakçılarına qarşı güc tətbiq edilərsə, "göz yumacaqları"nı dedilər.

Əsas səbəbsə Ermənistan hakimiyyətini təşkil edən komandanın parçalanmaması, düşərgələrə bölünməməsi və sabiq məmurlardan ibarət nomenklatur müxalifətin formalaşmasına təkan verəcək proseslərin yaşanmaması idi.

Erməni kilsəsi və Robert Köçəryanın əsas məqsədləri ölkə parlamentində Nikol Paşinyana qarşı impiçment prosedurunu reallaşdırmaq idi. Keşiş Baqrat da İrəvan küçələrində bunu deyir, tələblər irəli sürürdü. Amma parlamentdə Robert Köçəryanın "Ermənistan" və Serj Sarqsyanın "Şərəfim var" fraksiyalarının toplam olaraq 35 mandatları var. İmpiçment proseduru üçünsə 36 mandat gərəkdir və kilsə ilə Köçəryan çatışmayan 1 mandatı əldə edə bilmədilər. Nəticədə Ermənistan parlamentinin iyunun 17-də keçirilən növbədənkənar iclası zəruri kvorum olmadığına görə nəticəsiz başa çatdı.

Ən nəhayət, keşiş Baqratın rəhbərlik etdiyi koalisiyanın ideologiyası, daha doğrusu, ideya toplusu çox zəifdir. Erməni kilsəsi və Robert Köçəryanın alyansının əsas tələbi Nikol Paşinyanın baş nazir postundan istefa verməsidir. Amma yeni baş nazirin kim olacağı bəlli deyil. Siyaqsi təlxək təsiri bağışlayan keşiş Baqrat, yəni Vazgen Qalstanyan bu posta uyğun deyil. Robert Köçəryana isə ermənilərin əksəriyyəti nifrət edir.

Bundan başqa, keşiş Baqrat bəyan edir ki, şərti dövlət sərhədinin delimitasiya və demarkasiyasını yalnız sülh müqaviləsi imzalanandan sonra həyata keçirmək gərəkdir. Tələb mənasız və gülüncdür, çünki heç nə dəyişmir.

Keşiş Baqrat onu da vurğulayır ki, “Qarabağı ermənilərə qaytarmaq gərəkdir”, amma o, “sülh istəyir”. Azərbaycana qarşı müharibə elanını xatırladaq bu tələb hərbi əməliyyatlarsız necə olacaq - arxiyepiskop bilmir.

Nikol Paşinyana qarşı etiraz aksiyalarının uğursuzluğunun təməl səbəbi isə budur: ermənilər yeni müharibə istəmirlər. Onlar yeni müharibədən qorxurlar, normal və dinc yaşam istəyirlər, Azərbaycan və Türkiyə ilə sərt qarşıdurma niyyətində deyillər.

Azərbaycan səbrlidir.

Ancaq hər səbrin də bir həddi var...

Xəbər lenti

Xəbər lenti