...

Alimlər kütləvi qırğınların qarşısını almağın yollarını tapıblar

Maraqlı Materials 29 İyun 2024 10:23 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Alimlər müəyyənləşdiriblər ki, Yer kürəsini növbəti kütləvi məhv olmaqdan xilas etmək üçün planetin quru səthinin təxminən bir faizi qorunmalıdır.

Trend xarici mediaya istinadən xəbər verir ki, canlıların yox olması təkamül nöqteyi-nəzərindən təbii prosesdir, lakin geoloji baxımdan bəzən çoxlu sayda canlı növlər qısa müddətdə yox ola bilir.

2 milyon il ərzində Yer kürəsindəki canlı növlərin ən azı 75 faizinin yoxa çıxması kütləvi yox olma adlanır. Bu günə qədər Yer kürəsində ən azı 5 kütləvi məhv olma hadisəsi bilindiyi halda, sonuncusu təxminən 65 milyon il əvvəl planetə düşmüş meteoritlə baş verib və dinozavrların sonunu gətirib.

Alimlər 6-cı kütləvi yoxluğun qarşısının alınmasının necə mümkün olduğunu müəyyənləşdirməyə çalışıb. Biomüxtəliflik məlumatları vasitəsilə Yer səthinin xəritəsini çəkən tədqiqatçılar, canlı növlərinin əksəriyyətinin çox məhdud ərazilərdə, müəyyən yerlərdə yaşadığını aşkarlayıblar. Nadir adlandırdıqları və nəsli kəsilməkdə olan canlı növlərin məlumatlarını təhlil edən alimlər müəyyənləşdiriblər ki, 16 825 ərazinin mühafizəsi kütləvi yoxluğun qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.

Məqalənin müəlliflərindən biri olan professor Erik Dinersteyn “Newsweek” jurnalındakı açıqlamasında xəbərdarlıq edir:

“Biz Yer kürəsinin tarixində altıncı kütləvi məhv olma böhranının ortasındayıq, lakin bu, ilk dəfədir ki, insan fəaliyyəti ilə əlaqələndirilir. Yer üzündə həyatın 6-cı kütləvi məhvinin qarşısını almaq üçün Yer səthinin yalnız 1,2 faizinə ehtiyacımız olduğunu aşkar etdik”.

Tədqiqatçılar nəsil kəsilməsinin qarşısı alına bilən 4700 növ canlını müəyyən etdiklərini və bu ərazilərdə daha bir çox növün mühafizəyə ehtiyacı olduğunu bildirirlər. Qorunmağa ehtiyacı olduğu bildirilən təxminən 17 min ərazinin 76 faizini tropik yağış meşələri təşkil edərkən, bu bölgələr Braziliya, Filippin, İndoneziya, Madaqaskar və Kolumbiyada cəmləşib.

Yeni araşdırma 2018-2023-cü illər arasında 1,2 milyon kvadrat kilometr ərazinin qorunduğunu, lakin bunun 10 faizindən azının nəsli kəsilməkdə olan növlərə ev sahibliyi etdiyini vurğulayır. Tədqiqatçılar diqqətə çatdırırlar ki, qorunma səylərini bu növlərin yaşadığı ərazilərə yönəltməklə daha səmərəli nəticələr əldə ediləcək. Onların hesablamalarına görə, yaxın 5 il ərzində bu ərazilər ildə 169 milyard dollarla qoruna bilər. Layihə ən çox növlərin yaşadığı tropik bölgələrlə məhdudlaşırsa, xərclər ildə 34 milyard dollara qədər azalır.

Tədqiqatın həmmüəllifi Andy Lee isə bunu belə təsvir edir:

“Bu, ABŞ-nin ümumi daxili məhsulunun 0,2 faizindən azına, qlobal qalıq yanacaq sənayesinə fayda verən illik subsidiyaların 9 faizindən azına və hər il mədənçıxarma və aqromeşə sənayesindən əldə edilən gəlirin kiçik bir hissəsinə bərabərdir”.

Alimlər bildirirlər ki, bu ərazilərin mühafizəsi hazırda maliyyə baxımından mümkündür, lakin bu, zamanla keçəcək. Onlar bu əraziləri 2030-cu ilə qədər qorumağa çağırır. Həmçinin alimlər ümid edirlər ki, bu ərazilərin qorunması planetin 30 faizinin qorunması istiqamətində atılmış ilk addım olacaq və bu, həm də iqlim böhranının təsirlərini yavaşlatmaq üçün mühüm əhəmiyyət kəsb edən əraziləri, məsələn, yağış meşələrini qoruyacaq.

Xəbər lenti

Xəbər lenti