...

Ötən il Fransada irqçilik halları 32 faiz artıb

Dünya xəbərləri Materials 29 İyun 2024 13:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Parisdə fəaliyyət göstərən İnsan hüquqları komitəsinin hesabatına görə, 2023-cü ildə Fransada irqçilik halları 32 faiz artıb.

Trend xarici mediaya istinadən xəbər verir ki, Fransanın İnsan Hüquqları üzrə Milli Məşvərət Komitəsinin (CNCDH) yaydığı yeni hesabatda deyilir ki, bu ölkədə azlıqda olan bütün qruplar üçün tolerantlığın, xüsusən də yəhudi icması üçün dözümlülüyün səviyyəsi azalıb. Ən az tolerantlıq göstərilən qrup isə müsəlman icmasıdır.

Fransa Daxili İşlər Nazirliyi də 2023-cü ildə irqçilik hallarının 32 faiz artmasını təsdiq edib. Hesabatda qeyd olunub ki, ən çox artım antisemit irqçiliyi zəminində müşahidə olunub.

CNCDH, habelə 2023-cü ildə 1 milyon insanın ən azı bir irqçi hücuma məruz qaldığını qeyd edərək, oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları fonunda sığınacaq və miqrasiya ilə bağlı qütbləşən müzakirələr də daxil olmaqla, vəziyyətin gərginliyini artıran amilləri təqdim edib.

Hesabatda diqqətə çatdırılır ki, artıq fransızların yarıdan çoxu – 51 faizi Fransada özünü evindəki kimi hiss etmir. Bu göstəricidə də 2022-ci ilin yazına nisbətən səkkiz pilləlik artım var. Bildirilib ki, fransızların 56 faizi hesab edir ki, ölkədə miqrantların sayı həddindən artıqdır.

Rəqəmlər bu ilin iyununda Avropa Parlamentinə keçirilən seçkilərdə səslərin 30 faizindən çoxunu toplayan ifrat sağçı “Milli birlik” (RN) partiyasının yüksəlişi ilə bağlı siyasi və sosial atmosferin son kontekstini əks etdirir. Ultrasağçı qüvvələrin qələbəsi Fransa Prezidenti Emmanuel Makronu mərkəzçi blokunun məğlubiyyətini etiraf etməyə, parlamenti buraxmağa və növbədənkənar seçkilər elan etməyə sövq edib.

Ultrasağçı siyasi lider Jordan Bardella partiyasının miqrasiyaya diqqət yetirəcəyini bildirib, həmçinin bu problemin dövlət maliyyəsi və sosial təminat sisteminə ağır yük olduğunu vurğulayıb. O, Fransaya miqrasiya axınının qarşısını alacağına, cinayət törətməkdə təqsirli bilinən əcnəbilərin deportasiyasını asanlaşdırmaq üçün qanun dəyişiklikləri həyata keçirəcəyinə və iqtisadi problemlərin həlli üçün tədbirlər görəcəyinə söz verib.

Fransada parlament seçkilərinin birinci turu iyunun 30-da və ikincisi isə iyulun 7-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti