Bakı. Trend:
Prezident İlham Əliyevin Dövlət Suverenliyi Gününü Xankəndidə qeyd etməsi və Qarabağ Universitetinin açılışında iştirak etməsi Azərbaycanın qətiyyətli mövqeyini, ölkəmizin öz torpaqlarına sahib çıxma əzmini bir daha göstərdi.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.
"Dövlətimizin başçısının bu addımı bütün dünyaya çox güclü bir mesajdır: Azərbaycan öz torpaqlarında suverenliyini tam təmin edib və bu yolda geri addım atmayacaq.
Prezidentin çıxışında da vurğulandığı kimi, 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu yalnız döyüş meydanında deyil, eyni zamanda mənəvi-psixoloji üstünlük əldə edərək tarixi ədaləti bərpa etdi. Dövlətimizin bu mübarizədə nümayiş etdirdiyi qətiyyət, xalqımızın yüksək milli ruhu və qəhrəmanlığı bu Qələbənin əsas amilləridir. Bu, bir xalqın gücü və birliyin ən parlaq təzahürüdür", - deyə A.Qarayev əlavə edib.
Politoloq qeyd edib ki, Ermənistanın fərariliklə üzləşdiyi bir vaxtda, Azərbaycan Ordusu sinəsini irəli verən gənclərlə doludur, onlar üçün Vətən torpaqlarının azad edilməsi ən şərəfli missiya oldu.
"2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı da Azərbaycanın dövlət suverenliyini bərpa etməsinin təbii davamı idi. Ermənistanın hərbi kontingentinin bir neçə saat ərzində iflic vəziyyətinə düşməsi, Azərbaycan Ordusunun isə tam zəfərlə əməliyyatı başa vurması bir daha göstərdi ki, Azərbaycanın gücü, iradəsi və qətiyyəti bərpa olunan ədalətə xidmət edir. Beynəlxalq hüququn işləmədiyi bir zamanda, Azərbaycan öz ədalətini öz gücü ilə bərpa etdi və dünyaya nümayiş etdirdi ki, işğal heç vaxt əbədi ola bilməz.
Prezidentin Qarabağ Universitetinin açılışında qeyd etdiyi kimi, milli ruhda tərbiyə olunan gənc nəsil gələcəkdə də bu mübarizəni davam etdirməli, öz dəyərlərinə, mədəniyyətinə sadiq qalmalıdır".
A.Qarayev əlavə edib ki, Azərbaycan xalqı düşmənçilik siyasətini, işğalçı niyyətləri darmadağın etdi və öz milli qürurunu bərpa etdi.
"Bu gün Azərbaycan dövləti təkcə ərazi bütövlüyünü bərpa etməklə kifayətlənməyib, həm də regionda uzunmüddətli sülhün və təhlükəsizliyin əsas təminatçısına çevrilib.
"Qarabağ Universitetinin məhz 20 sentyabrda açılması tarixi əhəmiyyət daşıyır və bu, Azərbaycan xalqının tarixi yaddaşını əbədi yaşadacaqdır. Çünki bu universitet gələcəyin liderlərinin, alimlərinin yetişdirilməsi ilə bərabər, dövlətimizin suverenliyinin və milli iradəsinin simvolu kimi əbədi qalacaqdır.
Azərbaycan xalqının birliyi, iradəsi və liderliyinin sayəsində qazanılan bu Qələbə əbədidir, vətənpərvərlik ruhu gələcək nəsillər üçün örnək olacaqdır".