Bakı. Trend:
Qərb Gürcüstanda baş verən proseslərdə uzun illər göstərdiyi "fəaliyyət"in nəticəsini tələb edir.
Bunu Trend-ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, bu fəaliyyət dövlətin təməlini, sütununu sarsıtmaq, Gürcüstan və Cənubi Qafqaz üzrə dominantlığı təmin etmək həvəsidir.
"Bu mexanizmləri tətbiq edərkən qeyri-hökumət təşkilatlarının dəstəyindən, media fəallarından istifadə olunur. Bunlarla yanaşı, LGBT ideyasını təbliğ edən fəallar və radikal təfəkkürü bölüşən şəxslər, inqilabçı gənclər işə cəlb edilir. Beləliklə, adət-ənənələri sarsıdır, insanları kökündən uzaqlaşdırır, cəmiyyətə mənfi tendensiyalar təlqin edirlər.
Ölkənin suverenliyinin bərpasını inkar edir, yalnız ölkəni Avropa ilə xoşbəxt gələcəyə səsləyirlər. Çalışırlar ki, Qərbin müxtəlif təsir vasitələri Gürcüstan üzərində hakim olsun. Bumlar uzun illərdir ki, siyasi texnoloqlar tərəfindən formalaşdırılan və hazırda tətbiq edilən mexanizmlərdir. Təsadüfi deyil ki, meydanlarda fişənglər və digər maddələr polislərin üzərinə atılır", - İ.Hüseynov vurğulayıb.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, ekspert Tural İsmayılov bildirib ki, Qərbin neoimperialist şəbəkələri bu gün Gürcüstan üzərindən özlərinin ənənəvi məkrli taktikalarını davam etdirirlər.
"Dünyanın bir çox coğrafiyalarına rəngli inqilab ideologiyalarını ixrac etməyə çalışan Qərbin imperialist fikir fabrikləri eyni təhlükəli ssenariləri Gürcüstan əraziləri üzərində tətbiq etməyə çalışırlar. Əvvəlki dövrlərdə demokratiya, insan haqları kimi bəşəri dəyərləri mənimsəyərək, sanki bunlar Qərbin məhsulu imiş kimi təqdim edib, başqa coğrafiyaların təbii sərvətlərini istismar etmək üçün bu siyasi anlayışları manipulyasiya edirdilər.
Artıq 2010-cu ildən sonrakı dövrdə Qərb ideologiya işğalı ilə məşğul olmağa başlayıb və özünün tabeliyi altına salmaq istədikləri coğrafiyalarda xalqların milli təfəkkürünü, etnik strukturunu, milli identikliyini və dünyagörüşünü zədələməyə çalışır. Buna görə də LGBT, feminizm və başqa ideologiyalar adı altında külli miqdarda maliyyələri özlərinin yaratdıqları nüfuz agentlərinə QHT adı altında transfer etməyə başlayıblar. Bu təhlükəli ssenarilər bir çox ölkələrə qarşı tətbiq edilib".
T.İsmayılov bildirib ki, əvvəlki dövrlərdə Azərbaycan Qərbin bu məkrli planlarının qarşısında güclü müqavimət göstərdi.
"Qərb ölkəmizdə belə planları reallaşdıra bilmədi. Amma sonrakı dövrdə Ukraynadakı “Maydan” ssenarisi işlək oldu. Həmin o zəhəri və xaosu Gürcüstana pompalamağa çalışırlar. Başqa vaxt hüquqlardan, seçki institutundan danışan Qərb siyasi mərkəzləri gürcü xalqının seçiminə hörmət etmir. Gürcüstanda keçirilmiş şəffaf seçkiləri kölgə altına salmaq istəyirlər.
Müxtəlif başıpozuq adamları, öz pulları ilə ələ aldığı "QHT-ləri" küçələrə tökərək, Gürcüstanda ictimai-siyasi sabitliyi laxlatmağa çalışırlar.
Hesab edirəm ki, Gürcüstan dövlətçiliyi bu çətin sınaqdan alnıaçıq çıxacaq", - deyə o qeyd edib.