Bakı. Trend:
Azərbaycan ABŞ ilə münasibətlərdə yeni dövrün başlanmasında maraqlıdır. Bu barədə Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində də qeyd etdi. Məlumdur ki, son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən Bakı ilə Vaşinqton arasında münasibətlər tamamilə korlanıb. Dövlət başçısı müqayisə üçün Trampın ABŞ-yə ilk rəhbərlik etdiyi dövrü xatırlatdı və bildirdi ki, həmin dövrdə iki ölkə arasında əlaqələr yüksək səviyyədə olub. Bu mənada, biz Tramp administrasiyasının əvvəlki müsbət təcrübəsinə istinad etsək, artıq itirilən dörd ilin geridə qalması barədə danışmaq olar.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
“Prezident İlham Əliyevin Donald Trampın seçkilərdəki qələbəsi münasibətilə ünvanladığı təbrik məktubunda da qeyd edilirdi ki, Azərbaycan Birləşmiş Ştatlarla münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir və rəsmi Bakı yeni dövrdə münasibətlərin daha da möhkəmlənəcəyinə, yeni əməkdaşlıq sahələrinin müəyyən olunacağına inanır.
Hesab edirəm ki, Azərbaycan və ABŞ qarşılıqlı şəkildə münasibətlərin normal səviyyədə inkişaf etdirilməsində maraqlıdır. Biz qısa zamanda müəyyən müsbət nəticələri görə biləcəyik”, - deyə millət vəkili vurğulayıb.
Deputat bildirib ki, Tramp administrasityasının Cənubi Qafqaz siyasətində ədalətli yanaşma sərgiləyəcəyinə ümidlər böyükdür.
“Dövlət departamentinin yeni rəhbəri Marko Rubio da bəyan edib ki, ABŞ milli maraqlarına uyğun olaraq bütün dünyada sülhü təşviq edəcək. Doğrudur, Trampın xarici siyasətini aysberqə bənzədənlər də var. Yəni bu siyasətin görünən və görünməyən tərəfləri arasında ziddiyyət olduğunu düşünənlər var.
Rəsmi Bakı isə Trampın hakimiyyəti dövrünə daha nikbin baxır və dünyanın daha təhlükəsiz olacağına ümid edir. Məlumdur ki, Trampın ilk prezidentliyi dövründə ABŞ heç bir müharibəyə başlamadı. Bu gün də artıq Ukrayna müharibəsinin başa çatması ilə bağlı siqnallar var”, - deyə K.Nurullayeva fikrini tamamlayıb.
Milli Məclisin deputatı Səbinə Salmanova isə Trend-ə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev Çinin nüfuzlu CGTN telekanalına müsahibəsində bir çox məqamlara dair fikirlərini bölüşməklə yanaşı, ABŞ-də hakimiyyət dəyişikliyi kontekstində ölkəmizin Vaşinqtonla münasibətlərinin perspektivindən söz açıb:
“Dövlətimizin başçısı Azərbaycan-ABŞ əlaqələrindən danışarkən bildirdi ki, son dörd ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, Trampın ABŞ-yə öncəki rəhbərliyi zamanı da əlaqələrimiz çox uğurla inkişaf edib.
Təəssüflər olsun ki, Baydenin hakimiyyəti dövründə ABŞ-nin hakim dairələri Azərbaycana münasibətdə yanlış mövqe tutdular. Reallıqları qiymətləndirmədilər, həmçinin, beynəlxalq hüququn bütün norma və prinsiplərini pozaraq, təcavüzkar Ermənistanın yanında olduqlarını nümayiş etdirdilər”.
Millət vəkilinin sözlərinə görə, son dörd ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması əlaqələrimizin tamamilə korlanmasına gətirib çıxardı.
“Halbuki Trampın bundan öncəki hakimiyyəti dövründə əlaqələrimiz çox uğurla inkişaf edirdi. Ümid edirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu dörd il artıq tarixə qovuşacaq və münasibətlərimiz yeni mərhələyə qədəm qoyacaq”, - deyə deputat sözlərini yekunlaşdırıb.